IMG-LOGO

Xərçəng cavanlaşır: 40 yaşdan kiçik insanlarda hansı xərçəng növləri artır?

18 Aug 2026 16:31 2 baxış
IMG
2 0

Gənclər arasında bəzi xərçəng növlərinin aşkarlanması hallarında nəzərəçarpacaq artım qeydə alınıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı alimlər İngiltərənin tibbi statistikasını araşdıraraq 20-40 yaşlı insanlar arasında 11 xərçəng növünə daha çox rast gəlindiyini müəyyən ediblər.

Söhbət bağırsaq, süd vəzi, qalxanabənzər vəzi, qaraciyər, böyrək, mədəaltı vəzi, öd kisəsi, uşaqlıq, yumurtalıq və ağız boşluğu xərçəngi, həmçinin çoxsaylı mielomadan gedir.

Araşdırmaya görə, gənclər arasında xüsusilə bağırsaq və süd vəzi xərçəngi daha çox qeydə alınır. Bağırsaq və yumurtalıq xərçənginə yoluxma göstəricilərinin məhz gənc nəsildə artması alimlərin diqqətini çəkib.

Mütəxəssislər artımın tək bir səbəblə bağlı olmadığını bildirirlər. Əsas ehtimallardan biri piylənmənin geniş yayılmasıdır. Artıq çəki hormonal balans və insulin səviyyəsinə təsir etməklə bəzi şişlərin yaranması üçün əlverişli şərait yarada bilər.

Bununla yanaşı, ultraemal olunmuş qidalar və şəkərli içkilərin çox istehlakı, PFAS adlanan kimyəvi maddələr, bəzi herbisidlər, antibiotiklərdən həddindən artıq istifadə, xroniki iltihab və hava çirklənməsi də araşdırılan mümkün risk faktorları sırasındadır.

Həkimlər gənclərdə xərçəng əlamətlərinin bəzən yaş amilinə görə ciddi qəbul edilmədiyini və bunun diaqnozun gecikməsinə səbəb ola biləcəyini vurğulayırlar.

Mütəxəssislər səbəbsiz çəki itkisi, davamlı ağrı, qanaxma və uzun müddət keçməyən digər simptomlar zamanı yaşdan asılı olmayaraq həkimə müraciət etməyi tövsiyə edirlər.

xərçəng xəstəliyi xərçəng cavanlaşır sağlam həyat alimlərin araşdırması

Mənbə: lent.az

Xəbər lenti