Hollivudda ənənəvi film və serial istehsalının azalması fonunda “microdrama” adlandırılan qısa seriallar sürətlə populyarlaşır.
Lent.az xəbər verir ki, telefonlar üçün şaquli formatda hazırlanan bu ekran əsərlərinin bölümləri əsasən 45 saniyə ilə 2 dəqiqə arasında davam edir.
Bu format xüsusilə TikTok, “Facebook” və “ReelShort” kimi platformalarda geniş auditoriya toplayır.
ABŞ-da “microdrama” izləyicilərinin sayı ötən il aylıq 66 milyona çatıb ki, bu da 2024-cü illə müqayisədə iki dəfədən çox artım deməkdir.
ABŞ bazarının bu il 1,5 milyard dollar, 2027-ci ildə isə təxminən 2 milyard dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.
Qısa seriallarda əsasən romantika, triller, döyüş və qorxu mövzularından istifadə olunur.
Bölümlərin çox qısa olması tamaşaçını növbəti hissəyə keçməyə sövq edən sürətli süjet və gözlənilməz sonluqlarla tamamlanır.
Böyük media şirkətləri də bu trenddən kənarda qalmır. “NBCUniversal” və “Fox” artıq “microdrama” platformaları ilə əməkdaşlıq edir.
Bəzi istehsalçılar isə süni intellektdən istifadə etməklə serialların hazırlanma müddətini və xərclərini azaltmağa çalışırlar.
Beləliklə, TikTok və digər qısa video platformaları Hollivud üçün sadəcə tanıtım vasitəsi deyil, yeni serial formatlarının əsas yayım kanallarından birinə çevrilir.
TikTok serial Hollivud
Mənbə: lent.az