IMG-LOGO

Bəşəriyyət yeni ev axtarır: Mütləq izlənilməli 10 fantastik film

14 Aug 2026 12:06 2 baxış
IMG
0 0

Yer kürəsinin dağılması təhlükəsi, yaşamaq üçün yeni planet axtarışı, nəhəng kosmik gəmilərlə uzunmüddətli səfərlər və sivilizasiyadan uzaqda yeni insan nəslinin yaradılması kimi mövzular fantastika janrının ən maraqlı istiqamətlərindən birinə çevrilib.

Lent.az bəşəriyyətin kosmosda yeni ev axtarışından bəhs edən 10 fantastik film və serialı təqdim edir.

“Voyagers” (2021)

2063-cü ildə alimlər həyat üçün əlverişli planet aşkarlayırlar. Lakin ora çatmaq 86 il çəkəcək. Missiya üçün xüsusi olaraq bir qrup uşaq yetişdirilir. Onların emosiyalarını və instinktlərini nəzarətdə saxlamaq üçün hər gün xüsusi preparat verilir. Uçuşun onuncu ilində iki gənc bunun həqiqi səbəbini öyrənir və preparatı qəbul etməkdən imtina edir. Bundan sonra gəmidə qorxu, aqressiya və hakimiyyət uğrunda mübarizə başlayır.

“Red Planet” (2000)

XXI əsrin ortalarında Yer ekoloji fəlakətin astanasına çatır və Mars bəşəriyyət üçün əsas xilas variantına çevrilir. Planetdə həyat üçün şərait yaratmaq məqsədilə illərlə müxtəlif təcrübələr aparılır. Lakin oksigen səviyyəsinin qəfil azalması alimləri narahat edir. Səbəbi araşdırmaq üçün Marsa göndərilən ekipaj qəza ilə üzləşir və düşmən mühitdə sağ qalmağa çalışır.

“Alien: Covenant” (2017)

“Covenant” adlı koloniya gəmisi minlərlə insan və embrionla uzaq planetə doğru hərəkət edir. Kosmosdakı hadisə ekipajı vaxtından əvvəl yuxudan oyadır. Təmir zamanı onlar yaxınlıqdakı həyat üçün əlverişli görünən planetdən müəmmalı siqnal alırlar. Yeni dünya ilk baxışdan ideal təsir bağışlasa da, ekipajı burada ölümcül təhlükə gözləyir.

“Pandorum” (2009)

Nəhəng “Elysium” kosmik gəmisi on minlərlə insanı yeni planetə aparır. İki ekipaj üzvü uzun yuxudan oyandıqda gəminin kosmosda nəzarətsiz şəkildə hərəkət etdiyini görür. Sistemlərin bir hissəsi işləmir, onların isə yaddaşı itib. Gəmini xilas etməyə çalışan qəhrəmanlar çox keçmədən orada tək olmadıqlarını anlayırlar.

“Passengers” (2016)

“Avalon” kosmik gəmisi beş mindən çox sərnişini yeni koloniyaya aparır. Səfər 120 il davam etməlidir və insanlar bu müddəti xüsusi kapsullarda yuxuda keçirməlidirlər. Lakin texniki nasazlıq nəticəsində Cim Preston 90 il tez oyanır. Təkliyə dözə bilməyən Cim başqa bir sərnişin – yazıçı Avroranı da oyadır. Onların arasında münasibət yaransa da, Avroranın oyanmasının əsl səbəbi sonradan üzə çıxır.

“Lost in Space” (2018–2021)

Yer kürəsində həyat getdikcə çətinləşir və bəşəriyyət Alfa Sentavr sistemini koloniyalaşdırmağa başlayır. Robinson ailəsi seçimlərdən keçərək yeni dünyaya yola düşür. Lakin səfər zamanı kosmik gəmi naməlum yadplanetli varlığın hücumuna məruz qalır. Ailə yad planetlərdən birində sağ qalmaq məcburiyyətində qalır.

“Raised by Wolves” (2020–2022)

Yer kürəsində dağıdıcı dini müharibədən sonra iki android Kepler-22b planetinə göndərilir. Onların məqsədi insan embrionlarından yeni nəsil yetişdirmək və münaqişələrdən uzaq koloniya yaratmaqdır. Ancaq planetin ağır şəraiti planları dəyişir. Bir müddət sonra orbitdə başqa insanlardan ibarət nəhəng gəminin görünməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

“Avatar” (2009)

XXII əsrdə insanlar qiymətli mineral əldə etmək üçün Pandora planetinə üz tuturlar. Planetin atmosferi insanlar üçün zəhərli olduğundan alimlər Navi xalqına bənzəyən süni bioloji bədənlər – “avatarlar” yaradırlar. Keçmiş dəniz piyadası Ceyk Salli bu proqramda iştirak etmək üçün Pandoraya göndərilir və zamanla yerli xalqın həyatının bir hissəsinə çevrilir.

“Aliens” (1986)

Ellen Riplinin xilasetmə kapsulu 57 ildən sonra tapılır. O, vaxtilə yadplanetli məxluqla qarşılaşdığı LV-426 planetində artıq insanların koloniya yaratdığını öyrənir. Koloniya ilə əlaqə qəfil kəsildikdən sonra Ripli kosmik dəniz piyadaları ilə birlikdə planetə yollanır.

“Interstellar” (2014)

Yer kürəsində iqlim sürətlə pisləşir, məhsullar məhv olur və bəşəriyyətin gələcəyi təhlükə altına düşür. Keçmiş NASA pilotu Kuper gizli elmi layihədən xəbər tutur. Alimlərin qənaətinə görə, insanların yeganə xilas yolu Günəş sistemindən kənarda yaşamaq üçün uyğun yeni planet tapmaqdır. Kuper bunun üçün həyatının ən təhlükəli kosmik səfərinə çıxır.

fantastik filmlər planetlər kosmos seriallar kino

Mənbə: lent.az

Xəbər lenti