"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" bu ilin I yarısını 192 milyon lirə (7,68 milyon manat) xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 % azdır.
Yanvar-iyun aylarında "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 272 milyon lirə (10,88 milyon manat, 1 il əvvələ nisbətən 12,4 % çox), mənfəət vergisi ödəmələri isə 80 milyon lirə (3,2 milyon manat; 1 il bundan əvvəl qənaət edib) təşkil edib.
Bu il iyulun 1-nə "PAŞA Yatırım Bankası"nın aktivləri 17 milyard 198 milyon lirə (687,92 milyon manat) olub ki, bu da illik müqayisədə 29 % çoxdur. Bunun 9 milyard 018 milyon lirəsi (360,720 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 48,9 % böyüyüb.
Hesabat dövründə "PAŞA Yatırım Bankası"nın öhdəlikləri 29,9 % artaraq 14 milyard 682 milyon lirəyə (587,28 milyon manat), balans kapitalı isə 24,1 % artaraq 2 milyard 516 milyon lirəyə (100,64 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (20 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,21 %-i "PAŞA Bank"a, 0,04 %-i isə "Aksoy Holdinq"ə məxsusdur.
1 lirə = 0,04 manat
Mənbə: report.az