IMG-LOGO

AMB investisiya şirkətlərində müştəri hüquqlarının qorunmasına dair yeni tələblər müəyyənləşdirib

01 Aug 2026 12:40 3 baxış
IMG

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları"na dəyişikliklər edib.

"Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Qərara uyğun olaraq, korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulmasının qarşısının alınması, məlumat verən şəxslərin müdafiəsi və konfidensiallıq kimi daxili nizam-intizam məsələləri ilə birgə, işçilərin reputasiya risklərinə səbəb olan açıqlamalardan çəkinməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması və maraqlar toqquşmasının aradan qaldırılması kimi yeni tələblər standartlara əlavə edilib. Bundan əlavə, etik normalarda müştərilərlə ədalətli davranış göstərilməsi, onlara yalnız maraqlarına müvafiq məhsulların təqdim olunması, maliyyə bazarlarında dürüstlük, şəffaflıq və sosial məsuliyyət prinsipləri də nəzərdə tutulmalıdır.

Dəyişikliyə əsasən, investisiya şirkətləri bu etik normaları yalnız sənəd formasında saxlamamalı, onların tətbiqinə faktiki olaraq nəzarəti təmin etmək üçün lazımi addımlar atmalıdır. Həmçinin hər bir investisiya şirkəti şikayət bildirən müştərilərlə münasibətlərin nizamlanması, onların hüquqlarının təminatı və şikayətlərin baxılması prosesinin idarə olunması üçün müstəqil şikayətlərə baxılması funksiyasını formalaşdırmalıdır.

Şikayətlərə baxılması funksiyası investisiya şirkətinin əməliyyat həcminə və müştəri sayına uyğun şəkildə yaradılan struktur bölmə və ya təyin edilən məsul şəxs vasitəsilə icra olunur. Bu funksiya Müşahidə Şurasının təsdiqlədiyi şikayətlərə baxılması qaydalarını əsas tutur. Şikayətlərə baxılması funksiyasının fəaliyyətinə nəzarət komplayens funksiyasını həyata keçirən struktur bölməyə nəzarət edən icra orqanının üzvü (təkbaşına icra orqanının rəhbəri) tərəfindən aparılır. İcra orqanı şikayətlərə baxılması funksiyasının səmərəli şəkildə fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradır, lazımi insan resursları və digər vasitələrlə (İT sistemləri, zəruri informasiya mənbələrinə giriş və s.) təchiz edir, eləcə də şikayətlərə baxılması funksiyası ilə digər aidiyyəti struktur bölmələr arasında operativ məlumat mübadiləsinin həyata keçirilməsini təmin edir.

Şikayətlərə baxılması funksiyasını yerinə yetirən struktur bölmənin əməkdaşları və ya məsul şəxs öz vəzifə və səlahiyyətlərini həyata keçirmək üçün müvafiq sahədə zəruri bilik və təcrübəyə sahib olmalı, investisiya şirkəti tərəfindən onlar üçün müntəzəm təlim və seminarlar təşkil edilməlidir. Maraqlar münaqişəsinin qarşısını almaq məqsədilə şikayətlərə baxılması funksiyasını icra edən struktur bölmənin əməkdaşları və ya məsul şəxs biznes əməliyyatlarından və bölmələrindən müstəqil olmalı, şikayətlərin araşdırılması üçün adekvat səlahiyyətlərə malik olmalıdır. İnvestisiya şirkəti şikayətlərə baxılması funksiyasının fəaliyyətinin ən azı ildə bir dəfə daxili audit xidməti tərəfindən yoxlanılmasını, yoxlama nəticələrinə dair hesabatın Müşahidə Şurası və Audit Komitəsinə, surətinin isə icra orqanına təqdim edilməsini təmin edir.

Şikayətlərə baxılması funksiyası ən azı aşağıdakı vəzifələri həyata keçirir:

- müştərilərdən qəbul olunan şikayətlərə baxır və qanunvericiliyin tələblərinə müvafiq qaydada cavab verir;

- müştərilərin məlumatlandırılması məqsədilə şikayətlərə baxılma prosesini, o cümlədən müştərilərin hüquq və öhdəliklərini əhatə edən sənədlərin hazırlanmasını və əlçatan olmasını təmin edir;

- şikayətlərin xarakterindən asılı olaraq müştərilərlə şifahi müzakirələr aparır və görüşlər keçirir, məsləhət və izahatlar təqdim edir;

- şikayətlərin araşdırılması üçün aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi həyata keçirir, sorğular göndərir, müvafiq sənədləri tələb edir və onlardan yazılı, həmçinin şifahi məlumatlar əldə edir;

- müştərilərlə təmasda olan əməkdaşlara şikayətlərin toplanması və şikayətlərə baxılması funksiyasına yönləndirilməsi, müştərilərlə davranış və digər mövzularda təlimlərin keçirilməsini təmin edir;

- müştərilərdən daxil olan şikayətlərin reyestrini aparır və reyestrdəki məlumatları daxil olma dövrünə və xarakterinə (cavablandırılmış, hazırda baxılmaqda olan və ya baxılması təxirə salınmış şikayətlərin sayı, onların məhsul və xidmətlər, habelə şikayətin spesifik məzmunu və s. üzrə bölgüsü) uyğun olaraq ümumiləşdirir;

- müştəri şikayətlərinin əsas səbəblərinə dair statistik məlumatların aparılmasını və konsolidasiyasını təmin edir;

- öz fəaliyyətinin nəticələri barədə hesabatları ən azı rübdə bir dəfə, əhəmiyyətli pozuntular aşkar edildikdə isə növbədənkənar qaydada investisiya şirkətinin Müşahidə Şurasına və icra orqanına təqdim edir;

- müştərilərin hüquqlarının, qanuni mənafelərinin və müştərilərlə münasibətlərdə etik davranış normalarının pozulması hallarının aradan qaldırılması istiqamətində icra orqanına, habelə Müşahidə Şurasına müvafiq təkliflər hazırlayır;

- müştərilərin şikayətləri ilə bağlı Mərkəzi Bankın sorğularının araşdırılması və cavablandırılması işini təşkil edir;

- müştərilərin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində investisiya şirkəti tərəfindən həyata keçirilən tədbirlərdə iştirak edir.

Mənbə: report.az

Xəbər lenti