Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri yeni doğulmuş körpəyə qayğı göstərməyin sadəcə vəzifə deyil, həm də zövq verməsinin səbəbini müəyyən ediblər. Araşdırmaya görə, bu prosesdə əsas rolu prolaktin hormonu oynayır.
Lent.az-ın xəbərinə görə, siçanlar üzərində aparılan təcrübələr göstərib ki, prolaktin beyində hormonal dəyişikliklərə cavab verən nahiyə ilə dopamin ifrazına cavabdeh olan mükafatlandırma mərkəzi arasında xüsusi sinir əlaqəsini aktivləşdirir.
Alimlər bu beyin sahəsini süni şəkildə stimullaşdırdıqda, hətta balası olmayan dişi siçanlar belə ana qayğısına xas davranışlar nümayiş etdiriblər.
Əksinə, həmin sinir yolunun fəaliyyəti bloklandıqda, bala sahibi olan dişi siçanlar balalarına qarşı maraqlarını tamamilə itiriblər. Bu nəticələr göstərir ki, doğuşdan sonra baş verən hormonal dəyişikliklər beynin motivasiya sistemini yenidən formalaşdırır və körpə ilə təması emosional baxımdan xüsusi əhəmiyyətli edir.
Tədqiqat müəllifləri bildirirlər ki, əldə olunan nəticələr hamiləlik və doğuşdan sonrakı dövrdə qadınların düşüncə tərzində və emosiyalarında baş verən dərin dəyişiklikləri daha yaxşı anlamağa kömək edir.
Onların fikrincə, beynin yeni vəzifələrə uyğun olaraq fiziki şəkildə yenidən qurulduğunu dərk etmək anaların və onların ailələrinin bu həssas mərhələni daha rahat keçirməsinə, həmçinin ehtiyac yarandıqda vaxtında psixoloji və tibbi dəstəyə müraciət etməsinə kömək edə bilər.
sosial xəbərlər maraq maraqlı xəbərlərMənbə: lent.az