IMG-LOGO

Bu aylarda doğulanlar çox yaşayırlar

22 Jul 2026 11:13 3 baxış
IMG
0 0

Doğulduğumuz ayın sağlamlığımıza və ömür uzunluğumuza təsir göstərə biləcəyi ilə bağlı maraqlı araşdırma aparılıb. Alimlərin fikrincə, bəzi aylarda dünyaya gələn insanların 105 yaşdan yuxarı yaşamaq ehtimalı digərlərinə nisbətən daha yüksəkdir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Danimarka və Avstriyada bir milyondan çox insanın məlumatları əsasında aparılan geniş statistik araşdırma nəticəsində dekabr ayında doğulanların daha uzunömürlü olmağa meylli olduğu müəyyən edilib.

Araşdırmaya görə, dekabrda doğulan insanların 105 yaşa qədər yaşamaq ehtimalı orta göstəricidən təxminən 16 faiz yüksəkdir. Ümumilikdə isə oktyabr-dekabr aylarında doğulan şəxslərin ömür uzunluğu aprel-iyun aylarında dünyaya gələnlərlə müqayisədə daha yüksək qiymətləndirilir.

Tədqiqat müəllifləri hesab edirlər ki, bunun əsas səbəblərindən biri qış aylarında doğulan insanların ürək-damar xəstəliklərinə daha az tutulmasıdır. Məhz bu xəstəliklər dünyada ölüm hallarının əsas səbəblərindən biri hesab olunur.

Bununla belə, alimlər bu nəticələrin mütləq qayda kimi qəbul edilməməsini tövsiyə edirlər. Onların sözlərinə görə, ilin sonunda doğulan insanlarda sonrakı yaşlarda astma və bəzi nevroloji pozuntuların yaranma riski də bir qədər yüksək ola bilər.

Mütəxəssislər bildirirlər ki, bu fərqlərin əsas səbəbi hamiləlik dövründə ananın məruz qaldığı mövsümi amillərlə bağlıdır. Ananın qidalanması, günəş işığına məruz qalması, D vitamini səviyyəsi və keçirdiyi mövsümi infeksiyalar dölün inkişafına təsir göstərərək gələcək sağlamlığın formalaşmasında mühüm rol oynayır.

Araşdırmada qeyd olunur ki, ötən əsrin əvvəllərinə aid məlumatlar da bunu təsdiqləyir. Belə ki, ana bətnində inkişaf dövrü yay və payız aylarına təsadüf edən uşaqların doğularkən daha yüksək çəkiyə malik olduğu və yetkin yaşlarında daha dözümlü olduqları müşahidə edilib.

Bu elmi konsepsiyanın müəllifləri demoqraflar Qabriela Doblhammer, Rembrandt Şolts və Hayner Mayerdir. Onlar araşdırmanın nəticələrini 2005-ci ildə dərc olunan "Doğum ayı və 105 yaşa qədər sağqalma" adlı elmi işdə təqdim ediblər.

Alimlər sonda vurğulayırlar ki, doğum ayı uzunömürlülüyə təsir edən amillərdən yalnız biridir. İnsan ömrünün uzun olması ilk növbədə irsi xüsusiyyətlərdən, sağlam qidalanmadan, keyfiyyətli yuxudan, müntəzəm fiziki fəaliyyətdən, stressin az olmasından və vaxtında tibbi müayinələrdən asılıdır.

uzunömürlülük

Mənbə: lent.az

Xəbər lenti