IMG-LOGO

Şirin və yetişmiş qarpız seçməyin 10 qaydası

21 Jul 2026 13:58 3 baxış
IMG
0 0

Yayın vazkeçilməz meyvələrindən biri olan qarpızı seçərkən yanılmamaq üçün bəzi vacib məqamlara diqqət yetirmək lazımdır. 

Lent.az bu 10 üsulu təqdim edir:

1. Torpaq ləkəsinə diqqət edin

Yetişmiş qarpızın torpaqda qaldığı hissədə krem rəngli və ya açıq-bej ləkə olur. Bu ləkəyə "tarla ləkəsi" deyilir. Əgər ləkə ağ və ya çox açıq sarıdırsa, qarpızın tam yetişmədiyini göstərə bilər. Ləkənin rəngi nə qədər tünddürsə, qarpızın bir o qədər şirin olma ehtimalı yüksəkdir.

2. Qabığı yoxlayın

Qarpızın qabığı möhkəm, hamar və zədəsiz olmalıdır. Qeyri-adi ləkələr və rəng fərqləri meyvənin qeyri-bərabər yetişdiyini göstərə bilər.

3. Mat görünüşə üstünlük verin

Parlaq qabıqlı qarpızlar çox vaxt vaxtından əvvəl yığılır. Mat görünən qarpız isə adətən daha yetişmiş və şirin olur.

4. Zolaqlar arasındakı məsafəni yoxlayın

Əgər seçdiyiniz qarpız zolaqlıdırsa, işarə və orta barmağınızı iki tünd yaşıl zolağın arasına qoyun. Barmaqlarınız həmin məsafəyə rahat yerləşirsə, bu, qarpızın yetişmiş və şirin olduğuna işarədir. Zolaqlar arasındakı məsafə nə qədər genişdirsə, meyvənin tam yetişmə ehtimalı da bir o qədər yüksəkdir.

5. "Şəkər toru"nu axtarın

Qarpızın üzərində hörümçək toruna bənzəyən tünd izlər varsa, bu yaxşı əlamətdir. Xalq arasında bunlara "şəkər ləkələri" də deyilir. Bu izlər meyvənin kifayət qədər şəkər topladığını və şirin olduğunu göstərə bilər.

6. Formasına baxın

Yaxşı qarpız simmetrik və dairəvi formada olur. Əyri və ya deformasiyaya uğramış qarpızlar bərabər yetişmədiyi üçün dadı və teksturası istənilən kimi olmaya bilər.

7. Səsinə qulaq asın

Barmaqlarınızın oynaqları ilə qarpıza yüngülcə vurun. Dərin və boğuq səs meyvənin sulu olduğunu göstərir. Küt və zəif səs isə qarpızın ya tam yetişmədiyini, ya da artıq keçdiyini göstərə bilər.

8. Çəkisini müqayisə edin

Eyni ölçülü qarpızlar arasında ən ağır olanını seçin. Ağır qarpız daha çox su saxladığı üçün adətən daha şirəli və dadlı olur.

9. Saplağı yoxlayın

Qarpızın saplağı onun nə vaxt yığıldığını göstərir. Yaşıl saplaq qarpızın vaxtından əvvəl dərildiyini göstərir. Qurumuş, qəhvəyi saplaq isə meyvənin tam yetişdikdən sonra yığıldığını göstərən yaxşı əlamətdir.

10. Zədələnmiş qarpız almayın

Kiçik cızıqlar problem yaratmasa da, iri çatlar, yumşaq hissələr, kəsiklər və digər zədələr qarpızın dadına və təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

Hansı qarpızları almaq olmaz?

Mütəxəssislər əvvəlcədən kəsilmiş, lakin soyuducuda və ya buz üzərində saxlanılmayan qarpızların alınmasını tövsiyə etmirlər. Otaq temperaturunda və ya istidə saxlanılan şirin və nəmli qarpız əti xəstəlik törədən bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır.

Maraq qarpız qarpız seçmək üsulları

Mənbə: lent.az

Xəbər lenti