Mətbəxdə bir neçə həftə unudulan soğanın üzərində yaşıl cücərtilərin əmələ gəlməsi tez-tez rast gəlinən haldır. Bu zaman bir çox insan belə soğanın artıq istifadəyə yararsız olduğunu düşünür. Lakin mütəxəssislər tələsməməyi tövsiyə edirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, soğanın cücərməsi tamamilə təbii prosesdir. İşıq, istilik və rütubət kimi əlverişli şəraitdə saxlanılan soğan yeni tumurcuqlar əmələ gətirməyə başlayır.
Mətbəxdə saxlanılan soğanlarda bu hal tez-tez müşahidə olunur. ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) bildirir ki, cücərmiş soğan üzərində çürümə əlamətləri yoxdursa, onun istehlakı təhlükəsizdir. Bununla belə, dad və keyfiyyətini itirməməsi üçün mümkün qədər tez istifadə olunması tövsiyə edilir.
Cücərmiş soğan zəhərlidirmi?
Qida təhlükəsizliyi üzrə mütəxəssis Şennon Stover qeyd edir ki, kartofdan fərqli olaraq cücərmiş soğan zəhərli maddələr ifraz etmir və zəhərlənmə riski yaratmır. Ekspert Kimberli Beyker isə bildirir ki, istifadə etməzdən əvvəl soğan mütləq soyuq su altında yaxşı yuyulmalıdır ki, üzərində ola biləcək mikroorqanizmlər təmizlənsin.
Onun sözlərinə görə, yaşıl cücərtilər soğanın qida ehtiyatını istifadə etdiyinə görə zaman keçdikcə soğanın özü yumşala və bir qədər acı dad verə bilər. Lakin xarab olma əlamətləri yoxdursa, belə soğan uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün də təhlükəsiz hesab olunur. Mütəxəssislər bildirirlər ki, yaşıl cücərtilər də yeyilə bilər. Sadəcə onların dadı adi soğandan daha kəskin və bəzən bir qədər acı olur. Bu cücərtiləri xırda doğrayaraq ətli yeməklərdə, çili sousunda, takoda və digər isti yeməklərdə istifadə etmək mümkündür. Nəzərə almaq lazımdır ki, onların teksturası daha sərt və liflidir.
Cücərmiş soğan nə vaxt atılmalıdır?
Mütəxəssislər aşağıdakı hallarda soğanın istifadəsini tövsiyə etmirlər:
üzərində kif və ya qara ləkələr varsa;
həddindən artıq yumşalıb və ya seliklənibsə;
qatları islanıb və dağılırsa;
kəskin xoşagəlməz qoxu gəlirsə;
iç rəngi dəyişibsə;
çürümə əlamətləri görünürsə;
zərərvericilərin izi varsa.
Belə hallarda soğanda mikroorqanizmlərin çoxalma ehtimalı yüksək olduğundan onu atmaq lazımdır.
Soğan qızardarkən qoxunu necə azaltmaq olar?
Peşəkar aşpazların məsləhətinə görə, soğanı qızardarkən tavaya 1 çay qaşığı qida sodası (çox miqdarda hazırlanırsa 1 xörək qaşığı) əlavə etmək kəskin kükürd qoxusunu xeyli azaldır.
Bu üsul həm də soğanın daha yumşaq və krem konsistensiyalı olmasına kömək edir. Bir qədər duz əlavə etmək isə soğanın şirəsini daha tez buraxmasına və bu prosesin sürətlənməsinə səbəb olur.
Maraq soğan Cücərmiş soğanMənbə: lent.az