IMG-LOGO

Günəş əslində sarı deyil: rəngini görmək üçün nə etmək lazımdır

14 Jul 2026 14:30 3 baxış
IMG
0 0

Yer üzündən baxdıqda Günəş bizə sarı rəngdə görünsə də, əslində onun rəngi belə deyil. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, fiziklər Günəşin sarı görünməsinin ulduzun öz xüsusiyyəti yox, Yer atmosferində işığın səpələnməsi nəticəsində yaranan optik effektin olduğunu bildirirlər. 

Alimlərin sözlərinə görə, açıq kosmosda – yəni işığı səpələyən atmosferin olmadığı mühitdə – Günəş ağ rəngdə görünür.

Mütəxəssislər bildirirlər ki, bunun səbəbi Reyli səpələnməsi adlanan fiziki hadisədir. Məhz bu proses sayəsində səma mavi rəngdə görünür.

Günəş şüaları Yer atmosferindən keçərkən havadakı molekullar qısa dalğa uzunluğuna malik mavi işığı daha güclü səpələyir. Uzun dalğalı sarı və qırmızı şüalar isə müşahidəçiyə daha asan çatır. Nəticədə Günəş işığının mavi hissəsi qismən azalır və Günəş bizə sarımtıl, bəzən isə üfüqə yaxın olduğu vaxt narıncı rəngdə görünür.

Əslində Günəş ağ ulduzdur

Fizika baxımından Günəş görünən spektrin bütün rənglərini yayır. Onun səthinin temperaturu təxminən 5800 kelvin təşkil edir. Bütün bu rənglər birlikdə insan gözü tərəfindən ağ işıq kimi qəbul olunur.

Astronomlar Günəşi G2V tipli "sarı cırtdan" ulduz kimi təsnif edirlər. Lakin bu termin onun rəngini deyil, temperaturunu, parlaqlığını və ulduzlar arasındakı elmi təsnifatdakı yerini ifadə edir.

Alimlər qeyd edirlər ki, mavi səma ilə sarı görünən Günəş eyni fiziki prosesin iki fərqli nəticəsidir. Atmosfer Günəşin özünü dəyişmir, sadəcə onun işığını müxtəlif istiqamətlərdə fərqli şəkildə süzərək müşahidəçiyə çatdırır.

Kosmosdan baxdıqda isə bu "atmosfer filtri" mövcud olmadığından optik illüziya aradan qalxır və Günəş öz təbii ağ rəngində görünür.

təbiət hadisəsi maraqlı günəşin rəngi

Mənbə: lent.az

Xəbər lenti