IMG-LOGO

Milyonlarla koreyalı ölkənin xilası üçün nikah üzüklərini və qiymətli əşyalarını banklara bağışladı

06 Jul 2026 17:31 2 baxış
IMG
0 0

1997-ci ildə Asiya maliyyə böhranı zamanı milyonlarla Cənubi Koreya vətəndaşı ölkənin iqtisadiyyatına dəstək olmaq üçün ailə zinət əşyalarını, toy üzüklərini, qızıl medallarını və digər qiymətli əşyalarını könüllü şəkildə dövlətə təhvil verib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 1997-ci ilin sonunda Cənubi Koreya ağır maliyyə böhranı ilə üzləşib. Ölkə iqtisadi çöküş təhlükəsi səbəbindən Beynəlxalq Valyuta Fondu-na müraciət edib və həmin dövr üçün rekord hesab olunan 58 milyard dollarlıq maliyyə dəstəyi alıb. Buna cavab olaraq ölkədə tarixə düşən misilsiz vətəndaş təşəbbüsü başlanıb.

Dörd ay ərzində 3,5 milyondan çox insan xarici borcun azaldılmasına kömək etmək məqsədilə ümumilikdə 227 ton qızılı könüllü şəkildə dövlətə təhvil verib. Kampaniya 1998-ci il yanvarın 5-də milli televiziya kanalı KBS-in dəstəyi ilə başlayıb. İlk gün banklara 3,3 tondan çox qızıl gətirilib. Artıq ilk sutka ərzində on minlərlə insan aksiyaya qoşulub, ertəsi gün isə iştirakçıların sayı təxminən yarım milyona çatıb.

Yanvarın ortalarına qədər təxminən 1 milyon koreyalı qızılını dövlətə təhvil verib. Aprelin sonunda kampaniya başa çatanda iştirakçıların sayı 3,5 milyonu keçərək ölkədəki ev təsərrüfatlarının təxminən dörddəbirini təşkil edib. Toplanan qızılın bugünkü qiymətlərlə dəyərinin təxminən 2,13 milyard dollar olduğu hesablanır.

İnsanlar ən qiymətli əşyalarını bağışlayıb

Banklara yalnız zinət əşyaları deyil, həm də yeni evlənənlərin toy üzükləri, ailə yadigarları, uşaqlara ilk doğum günündə hədiyyə edilən ənənəvi qızıl üzüklər, hərbi mükafatlar, qızıl xaçlar və hətta olimpiya qızıl medalları təhvil verilib. Stiven Kim Sou-hvan da öz qızıl döş xaçını bu kampaniyaya bağışlayanlar arasında olub. Əslində bu, tamamilə pulsuz ianə deyildi.

Banklar qızılları bazar qiymətinə yaxın məbləğə alırdı. Lakin bu qiymət şəxsi satışdan əldə edilə biləcək məbləğdən aşağı idi. Bununla belə, bəzi insanlar heç bir ödəniş qəbul etmədən qızıllarını dövlətə veriblər.

Toplanan qızıl iqtisadiyyatı təkbaşına xilas etmədi

Toplanan vəsait BVF-nin ayırdığı maliyyə paketinin cəmi 3,7 faizini təşkil edirdi. Qızıllar külçələrə çevrilərək beynəlxalq bazarda ABŞ dollarına satılıb və əldə olunan vəsait xarici borcun ödənilməsinə yönəldilib. İqtisadçılar hesab edirlər ki, ölkənin böhrandan çıxmasında əsas rolu iri korporasiyaların restrukturizasiyası, xarici investisiyalara daha açıq iqtisadi modelin yaradılması və əmək bazarında aparılan islahatlar oynayıb. Bununla yanaşı, kampaniya cəmiyyətə böyük mənəvi təsir göstərib. Bu hadisə vətəndaşların dövlətə inamını və milli böhran zamanı birlik nümayiş etdirməyə hazır olduqlarını ortaya qoyub.

BVF krediti vaxtından əvvəl ödənildi

Cənubi Koreya BVF-dən aldığı krediti 2001-ci ildə, yəni planlaşdırılandan təxminən üç il əvvəl tam şəkildə geri qaytarıb. Sonrakı onilliklərdə ölkə Asiyanın aparıcı iqtisadiyyatlarından birinə çevrilib. Məhz bundan sonra Koreyanın texnologiya şirkətləri sürətlə qlobal bazarda yüksəlişə keçib, daha sonra isə Koreya pop mədəniyyəti bütün dünyada böyük populyarlıq qazanıb.

Maraq Cənubi Koreya Asiya maliyyə böhranı qızıl kampaniyası

Mənbə: lent.az

Xəbər lenti