IMG-LOGO

Dörd ölkənin ərazisində yerləşir: dünyanın ən uzun gölü hansıdır?

26 Jun 2026 18:46 4 baxış
IMG
0 0

Yer üzünün ən zəngin ekosistemlərindən birinə sahib olan Tanqanika gölü dünyanın ən uzun şirin su gölü hesab olunur. Lakin bu göl təkcə uzunluğu ilə deyil, digər rekordları ilə də diqqət çəkir.

Lent.az xəbər verir ki, Tanqanika gölü şirin su gölləri arasında Baykal gölündən sonra ikinci ən qədim (təxminən 9–13 milyon il), ikinci ən dərin və ikinci ən böyük həcmə malik göldür. 

Şərqi Afrikada yerləşən gölün hövzəsində təxminən 10 milyon insan yaşayır. Tanqanika dünyanın ən uzun gölü kimi “Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

Gölün eni 16–72 kilometr arasında dəyişir və o, Zambiya, Tanzaniya, Konqo Demokratik Respublikası və Burundi olmaqla dörd ölkənin ərazisindən keçir.

Orta dərinliyi 570 metr olan Tanqanika gölünün bəzi hissələrində dərinlik 1436 metrə çatır. Bu göstərici ilə o, Afrikanın ən dərin, dünyanın isə Rusiyadakı Baykal gölündən sonra ikinci ən dərin gölü sayılır.

Gölün dibi dəniz səviyyəsindən 662 metr aşağıda yerləşir. Buna görə də Tanqanika kriptodepressiya adlanan coğrafi xüsusiyyətə malikdir. Bu termin səthi dəniz səviyyəsindən yuxarıda, dibi isə dəniz səviyyəsindən aşağıda yerləşən hövzələri ifadə edir.

Minlərlə canlı növünə ev sahibliyi edir

Tanqanika gölü təkcə ölçüləri ilə deyil, həm də zəngin biomüxtəlifliyi ilə seçilir. Burada 2000-dən çox canlı növü yaşayır və onların təxminən 500-ü yalnız bu göldə rast gəlinən endemik növlərdir.

Göldə timsahlar, begemotlar, müxtəlif quş növləri və çoxlu balıq növləri yaşayır. Xüsusilə burada 250-dən az olmayaraq parlaq rəngli sixlid balıq növü mövcuddur.

Bu səbəbdən Tanqanika gölü dalğıc və şnorkellə üzmə həvəskarları üçün dünyanın ən cəlbedici məkanlarından biri hesab edilir. Eyni zamanda göl ətrafında yaşayan insanlar üçün əsas qida, xüsusilə də zülal mənbələrindən biridir.

Avropalılar gölü XIX əsrdə kəşf edib

Tanqanika gölü avropalılar tərəfindən ilk dəfə 1858-ci ilin fevralında kəşf olunub. İngilis səyyahları Riçard Berton və Con Spik Nil çayını araşdırarkən bu bölgəyə gəlib çıxıblar.

maraqlı maraq dünyadan xəbərlər coğrafiya

Mənbə: lent.az

Xəbər lenti