IMG-LOGO

Soyuducuda saxlanılan şokolad niyə daha dadlı olur?

25 Jun 2026 14:45 4 baxış
IMG
0 0

Şokoladı soyuducuda, yoxsa otaq temperaturunda saxlamağın daha düzgün olması ilə bağlı mübahisələr uzun illərdir davam edir. Bəziləri hesab edir ki, soyuq şokolad öz dadını itirir, digərləri isə onu məhz soyuducudan çıxarıb yeməyə üstünlük verir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Oksford Universitetinin eksperimental psixologiya professoru Çarlz Spens bildirir ki, soyuducuda saxlanılan şokolad bəzi hallarda otaq temperaturunda qalan şokoladdan daha çox zövq verə bilər.

Soyuq şokoladın dadı niyə fərqli hiss olunur?

Professorun sözlərinə görə, aşağı temperatur təkcə şokoladın dadını deyil, onun quruluşunu da dəyişir. Soyudulmuş şokolad sındırılarkən daha kəskin və xoş xırtıltı səsi çıxarır. Alimin fikrincə, insanlar yemək yeyərkən eşitdikləri xoş səslərdən də zövq alırlar. Məhz buna görə soyuq şokoladın çıxardığı xırtıltı dad təəssüratını daha da gücləndirir. Digər üstünlük isə onun ağızda daha yavaş əriməsidir. Şokolad tədricən əridiyi üçün müxtəlif dad çalarları mərhələli şəkildə hiss olunur və ondan alınan həzz daha uzun sürür.

Dad hissinə psixologiya da təsir edir

Mütəxəssis vurğulayır ki, məhsulun fiziki xüsusiyyətləri ilə yanaşı, insanın psixoloji qavrayışı da mühüm rol oynayır. Bir çox insan soyuducudan çıxan məhsulları avtomatik olaraq daha təzə hesab edir. Bu düşüncə isə həmin qidanı qəbul edərkən yaranan müsbət emosiyaları artırır. Bundan başqa, aşağı temperatur şokoladın həddindən artıq şirin dadını azaldır. Soyuq halda şirinlik və acılıq daha balanslı hiss olunur, şokolad isə xüsusilə isti havalarda daha təravətləndirici təsir bağışlayır.

Niyə insanlar yayda şokoladı soyuducuda saxlayırlar?

Böyük Britaniyada 2 min nəfər arasında aparılan sorğu göstərib ki, isti aylarda insanların əksəriyyəti şokoladı soyuducuda saxlamağa üstünlük verir.

Ən çox göstərilən səbəblər bunlardır:

şokoladın tez əriməsinin qarşısını almaq;

xırtıldayan teksturanı sevmək;

isti havada daha sərin və təzə dad hiss etmək.

Sorğuda iştirak edənlərin əksəriyyəti yay aylarında soyudulmuş şokoladın daha ləzzətli olduğunu bildirib.

Şokoladın sağlamlığa faydası varmı?

Mütəxəssislər xatırladırlar ki, şokoladın tərkibində orqanizm üçün faydalı olan çoxlu bioloji aktiv maddələr var. Xüsusilə tünd şokolad antioksidantlar, maqnezium və dəmir kimi minerallarla zəngindir. Bir sıra elmi araşdırmalar göstərir ki, şokoladın qəbulu insanın özünü xoşbəxt hiss etməsinə kömək edən serotonin, dopamin və endorfin kimi maddələrin ifrazını stimullaşdıra bilər.

Bununla yanaşı, mütəxəssislər şokoladın normadan artıq qəbul edilməsinin düzgün olmadığını vurğulayırlar. Çünki bir çox şokolad növlərində yüksək miqdarda şəkər olur və onlar kifayət qədər kalorilidir. Bu səbəbdən alimlər hesab edirlər ki, xüsusilə yay aylarında şokoladı soyuducuda saxlamaq həm dad baxımından, həm də istifadə rahatlığı baxımından yaxşı seçim ola bilər.

Maraq şokolad soyuducu tünd şokolad şokoladın faydaları

Mənbə: lent.az

Xəbər lenti