ABŞ-ın Florida ştatında dörd dostun birlikdə aldığı yaşayış olmayan ada illər ərzində milyonlarla dollar dəyərində turizm məkanına çevrilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2017-ci ildə Koul Uiver, Rassel Lumis, Ceyms Vest və Con Entoni Qadd Florida ştatının Hillsboro körfəzində yerləşən, 3,6 hektar ərazisi olan Payn-Key adasını 65 min dollara alıblar.
Onlar adanı tamamilə yenidən quraraq iddialı layihəyə start veriblər. Payn-Key uzun illər yaxta sahiblərinin toplaşdığı məkan kimi tanınıb. Burada keçirilən əyləncələrdən sonra ərazidə çoxlu pivə qutuları qaldığı üçün ada "Pivə qutuları adası" adı ilə məşhurlaşıb. Yeni sahiblər bu imici dəyişmək əvəzinə onu layihənin bir hissəsinə çeviriblər.
Dostlar adaya tropik üslubda besedkalar, sanitar qovşaqları, sahil barı, su attraksionları və müxtəlif tədbirlər üçün meydançalar inşa ediblər. Nəticədə ada toy mərasimləri, konsertlər, özəl məclislər və həftəsonu istirahəti üçün qayıqla gələn turistlərin sevimli məkanlarından birinə çevrilib.
Hazırda adanın bazar dəyərinin təxminən 14 milyon dollar olduğu bildirilir. Müxtəlif dövrlərdə sahiblər adanı satışa çıxarmağı da nəzərdən keçiriblər. Reklam materiallarında isə bu obyekt həm şəxsi, həm də korporativ sahiblik üçün nadir fürsət kimi təqdim olunub.
Bundan əvvəl Şotlandiyada da diqqətçəkən ada satışı elan edilmişdi. Günəş enerjisi ilə işləyən evi olan, 36 hektarlıq Mallaqrax adası hərraca 350 min funt-sterlinq başlanğıc qiymətlə çıxarılıb. Təbiətlə əhatə olunan bu ada sakit və təcrid olunmuş həyat axtaranlar üçün ideal məkan kimi qiymətləndirilir.
Florida ABŞ Kimsəsiz ada Pivə qutuları adasıMənbə: lent.az