Avstriyalı alimlər müəyyən ediblər ki, müasir avtomobil təhlükəsizlik sistemləri yol-nəqliyyat hadisələri zamanı kişiləri və qadınları eyni dərəcədə qoruya bilmir. Bunun əsas səbəbi təhlükəsizlik texnologiyalarının uzun illər əsasən kişi bədən quruluşu nəzərə alınaraq hazırlanması ilə əlaqələndirilir.
Lent.az xəbər verri ki, bu barədə “UAMotors” nəşri məlumat yayıb.
Qrats Texnologiya Universitetinin mütəxəssisləri son 12 ildə baş vermiş yol-nəqliyyat hadisələrinin statistikasını araşdıraraq, kompüter modelləşdirilməsi vasitəsilə real qəzaların ssenarilərini yenidən canlandırıblar.
Tədqiqatçılar bildirirlər ki, müasir təhlükəsizlik sistemlərinin əksəriyyəti kişi anatomiyası haqqında məlumatlar əsasında hazırlanıb. Uzun müddət qəzaya davamlılıq sınaqlarında istifadə olunan manekenlər də əsasən kişi modellərinin uyğunlaşdırılmış variantları olub və qadınların fizioloji xüsusiyyətlərini tam şəkildə əks etdirməyib.
Araşdırmada qeyd olunur ki, bu amil qadınların real yol qəzaları zamanı daha çox xəsarət almasının səbəblərindən biri ola bilər. Alimlər bunu çanaq sümüyünün, döş qəfəsinin, çiyin qurşağının və onurğanın quruluşundakı fərqlərlə izah edirlər. Məhz bu xüsusiyyətlər toqquşma zamanı bədənin reaksiyasına təsir göstərir.
Mütəxəssislər onu da vurğulayırlar ki, qadınlar çox vaxt sükana daha yaxın məsafədə əyləşir və ya təhlükəsizlik yastıqlarına nisbətdə fərqli oturuş mövqeyi seçirlər. Bu da qoruyucu sistemlərin effektivliyinə təsir göstərə bilər.
Bununla yanaşı, ABŞ-da artıq nəqliyyat vasitələrinin sınağı üçün yeni metodlardan istifadə olunur. Belə ki, testlərdə qadın bədəninin xüsusiyyətlərini daha dəqiq əks etdirən və daha çox sensorla təchiz olunmuş THOR-05F manekenindən yararlanılır. Bu texnologiya mühəndislərə xəsarət risklərini daha ətraflı təhlil etməyə və avtomobillərin konstruksiyasını təkmilləşdirməyə imkan verir.
Eyni zamanda, avtomobil istehsalçıları adaptiv təhlükəsizlik sistemlərini də tədricən tətbiq etməyə başlayıblar. Buraya insanın avtomobildəki mövqeyindən, boyundan və zərbənin gücündən asılı olaraq gərilmə qüvvəsini avtomatik tənzimləyən təhlükəsizlik kəmərləri daxildir. Bu cür həllər artıq bəzi müasir avtomobil modellərində mövcuddur.
Ekspertlərin fikrincə, kraş-test standartlarının yenilənməsi və intellektual təhlükəsizlik sistemlərinin inkişafı sərnişinlərin qorunma səviyyəsinin artırılmasına kömək edə bilər. Gözlənilir ki, gələcəkdə bu cür yanaşmalar avtomobil sənayesində daha geniş tətbiq olunacaq.
dünyadan xəbərlər sosial xəbərlər maraqlı xəbərlər yol qəzasıMənbə: lent.az