Hörümçəklərdən və ya hündürlükdən qorxmaq artıq adi hal sayılır. Lakin elə fobiyalar var ki, insanı həqiqətən təəccübləndirə bilər. Məsələn, hipopotomonstroseskippedalofobiya – uzun sözlərdən qorxmaq; bu, tamamilə real diaqnozdur.
Lent.az xarici mediaya istinadən tibbi ədəbiyyatda qeydə alınmış ən qeyri-adi beş fobiyanı təqdim edir.
1. Laxanofobiya – qaynadılmış tərəvəzlərdən qorxmaq
Bu fobiyadan əziyyət çəkən insanlar qaynadılmış yerkökü, kələm, brokkoli və digər tərəvəzlərin görünüşündən, qoxusundan və onlara toxunmaqdan panik şəkildə qorxurlar.
Adətən bu qorxu uşaqlıq dövründə qida zəhərlənməsi, ürəkbulanma və ya qusma kimi xoşagəlməz təcrübələrdən sonra yaranır.
2. Loqofobiya – sözlərdən qorxmaq
Bu fobiya danışmaqdan deyil, məhz sözlərin özündən qorxmaqla xarakterizə olunur.
Belə insanlar kitab oxumaqdan, yazılara baxmaqdan, müxtəlif ad və başlıqlarla qarşılaşmaqdan çəkinirlər.
3. Heksakosioyheksekontaheksafobiya – 666 rəqəmindən qorxmaq
Bu, 666 rəqəmi ilə bağlı güclü və irrasional qorxudur.
Adətən dini və ya mistik inanclarla əlaqəli olur və bəzi insanlar bu rəqəmlə rastlaşdıqda ciddi narahatlıq keçirirlər.
4. Nomofobiya – mobil telefonsuz qalmaq qorxusu
Texnologiyanın inkişafı ilə bu qorxu getdikcə daha geniş yayılıb.
Lakin patologiya o zaman hesab olunur ki, insan telefonunun enerjisi bitəndə, internet bağlantısı kəsiləndə və ya şəbəkə olmadıqda güclü panika yaşayır.
5. Ablutofobiya – yuyunmaqdan qorxmaq
Bu, ən nadir və eyni zamanda ən təhlükəli fobiyalardan biri hesab olunur.
Bu fobiyaya malik insanlar sudan, sabundan və ya sürüşkən səthlərdən qorxduqları üçün illərlə yuyunmaya bilərlər. Bu isə ciddi gigiyena və sağlamlıq problemlərinə səbəb olur.
maraq insanların 5 qəribə fobiyasıMənbə: lent.az