IMG-LOGO

Karib dənizinin əsl quldurlarının izləri tapıldı: nə məlumdur

08 Jun 2026 18:04 3 baxış
IMG
0 0

Baham adalarında fəaliyyət göstərən arxeoloqlar ilk dəfə olaraq Nassau limanında batmış quldur gəmilərinin qalıqlarını aşkar ediblər. Alimlər hesab edirlər ki, bu tapıntılar Karib dənizinin məşhur quldurlarının real tarixini daha yaxşı anlamağa imkan verəcək.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın nəticələri barədə layihənin həmsədrləri britaniyalı dəniz arxeoloqu doktor Şon Kinqsli və bahamalı tarixçi doktor Maykl Peytman məlumat veriblər.

Mütəxəssislərə tarixdə ilk dəfə Nassau limanının uzun müddət qapalı saxlanılan hissəsində dalış aparmağa icazə verilib. Dəniz dibinin əvvəlki dərinləşdirmə işləri nəticəsində ciddi zədələnməsinə baxmayaraq, tədqiqatçılar yanmış taxta gəmi gövdəsi, dəmir toplar, göyərtə topları, qılıncların itilənməsi üçün istifadə olunan daş və 25 ədəd müşkət gülləsi aşkar ediblər.

Alimlərin ehtimallarına görə, yanmış gəmi qalıqları XVII əsrin ən məşhur və ən çox axtarılan quldurlarından biri olan Henri Everinin flaqman gəmisi “Fancy”yə aid ola bilər.

Qazıntılar zamanı daha sonrakı dövrə aid olan, 1740-cı illərdə istifadə edilmiş ingilis ticarət gəmisinin qalıqları da tapılıb. Həmin gəmidə mətbəx üçün istifadə olunan kərpiclər, şərab şüşələri və Londonda istehsal edilmiş 143 gil tütün çubuğu aşkarlanıb.

Tədqiqatçılar bildirirlər ki, bu tapıntılar Nassau limanının zamanla quldurların sığınacağından adi ticarət və mülki limana çevrildiyini göstərir.

Ekspedisiya olduqca çətin şəraitdə həyata keçirilib. Güclü qabarma-çəkilmə axınları və ərazidə çoxlu sayda köpəkbalığının olması işləri xeyli mürəkkəbləşdirib.

Doktor Şon Kinqsli bildirib ki, tapılan qalıqlar hələ aysberqin görünən hissəsidir və limanın ətrafında onlarla digər batmış gəminin qalığı gizlənə bilər.

“Taxta gövdənin bu qədər yaxşı vəziyyətdə qalması məni heyrətləndirdi. Bir zamanlar dəniz quldurlarının terror vasitəsi olmuş gəminin qalıqları ilə işləmək həm unikal, həm də emosional təcrübə idi”, – alim vurğulayıb.

Doktor Maykl Peytmanın sözlərinə görə, gəmilərin su xəttinə qədər yandırılması quldurların öz cinayətlərinin izlərini gizlətmək üçün istifadə etdikləri məşhur üsullardan biri olub.

“Tapılan gəmi bütün əlamətlərinə görə quldur fəaliyyətinin izlərini daşıyır. O, xüsusilə döyüş üçün nəzərdə tutulmuş çoxsaylı fırlanan toplarla yaxşı silahlandırılmışdı. Bu silahlar düşmən ekipajlarına qarşı istifadə olunurdu”, – tarixçi qeyd edib.

Layihənin rejissoru Kris Atkinsin sözlərinə görə, təhlükəli su axınları və köpəkbalıqlarının çoxluğu səbəbindən ekspedisiyanın uğursuz nəticələnməsi ehtimalı yüksək idi. Buna baxmayaraq, alimlər mühüm tarixi tapıntılar əldə etməyə nail olublar.

Tədqiqatçılar hesab edirlər ki, Nassau limanı ətrafında aparılacaq gələcək araşdırmalar Karib dənizi quldurlarının həyatı və fəaliyyətinə dair yeni faktların üzə çıxarılmasına kömək edəcək.

dünyadan xəbərlər quldur gəmisi

Mənbə: lent.az

Xəbər lenti