Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının müsbət saldosu 2026-cı ildə 7,572 milyard ABŞ dollarına çatacaq.
"Report"un məlumatına görə, bu qiymətləndirmə Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş proqnozlarında əks olunub.
"2025-ci ilin yanvar-sentyabr aylarında cari əməliyyatlar hesabının müsbət saldosu ÜDM-in 5,4 %-ni təşkil edib ki, bu da 2024-cü ilin yekunlarına görə qeydə alınmış ÜDM-in 6,3 % səviyyəsindən aşağıdır və əvvəlki illərin göstəricilərindən nəzərəçarpacaq dərəcədə geri qalır. Eyni dövr ərzində ehtiyatların artırılması prosesi davam edib.
Enerji daşıyıcılarının qiymətlərinin düşməsi və karbohidrogen hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə azalması fonunda neft ixracından dollar gəlirləri 2025-ci ilin ilk üç rübündə bir il əvvəlki eyni dövrə nisbətən 7,2 % azalıb. Bununla yanaşı, qeyri-neft idxalının artımı əvvəlki iki il ərzindəki yüksək dinamikadan sonra 2025-ci ilin ilk üç rübündə 3,9 %-ə qədər yavaşlayıb. 2025-ci ilin yekunlarına görə cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 5,4 % səviyyəsində olacağı proqnozlaşdırılır.
2026-cı ildə neft və qaz qiymətlərinin daha yüksək olması sayəsində onun təxminən ÜDM-in 10 %-nə qədər artması gözlənilir, bundan sonra ortamüddətli perspektivdə neft ixracının həcmlərinin və dəyərinin proqnozlaşdırılan azalması ilə müsbət saldo tədricən daralacaq. IMF analitikləri qeyd ediblər ki, qazа olan artan Avropa tələbi əlavə kommersiya perspektivləri yarada bilər, lakin onların həyata keçirilməsi üçün iri kapital qoyuluşları tələb olunacaq.
IMF-in qiymətləndirmələrinə görə, cari əməliyyatlar hesabının profisiti 2027-ci ildə 4,45 milyard dollar, 2028-ci ildə 1,784 milyard dollar, 2029-cu ildə 1,507 milyard dollar, 2030-cu ildə 1,003 milyard dollar, 2031-ci ildə isə 634 milyon dollar təşkil edəcək.
Xatırladaq ki, apreldə IMF cari əməliyyatlar hesabının profisitini 2026-cı ildə ÜDM-in 9,7 %, 2027-ci ildə ÜDM-in 5,4 %, 2028-ci ildə ÜDM-in 2 %, 2029-cu ildə ÜDM-in 1,6 %, 2030-cu ildə ÜDM-in 1 %, 2031-ci ildə isə ÜDM-in 0,6 % səviyyəsində proqnozlaşdırırdı.
"Gözlənilir ki, cari hesabın profisiti 2026-cı ildə karbohidrogen qiymətlərinin artması sayəsində əhəmiyyətli dərəcədə yaxşılaşacaq", - fonddan vurğulanıb.
Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2025-ci ilin yekunlarına görə 3,5 milyard dollar və ya ÜDM-in 4,6 %-ni təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə bu göstərici 4,7 milyard dollar və ya ÜDM-in 6,3 %-ni təşkil edib.
Mənbə: report.az