Bələdiyyə infrastrukturuna özəl kapitalın cəlb edilməsinə beş əsas problem mane olur.
"Report" xəbər verir ki, bu barədə "PwC" beynəlxalq konsaltinq şirkətinin tərəfdaşı Den Daulinq Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Maliyyə cəhətdən cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyələşməni necə cəlb edə bilər?" adlı panel müzakirəsində bildirib.
O qeyd edib ki, birinci və əsas problem büdcə etibarlılığı səviyyəsindəki fərqdir.
"Özəl sektor şəffaflıq və hesabatlılıq standartlarına dair sərt tələblər şəraitində fəaliyyət göstərir, yerli hakimiyyət orqanları isə - çox vaxt sosial və humanitar mülahizələrə görə - heç də həmişə analoji sərtlik dərəcəsini təmin etmirlər. İkinci maneə kimi aşağı gəlirlilik çıxış edir. Baza infrastrukturuna və sosial xidmətlərə investisiyalar, bir qayda olaraq, məsələn, data mərkəzlər kimi alternativ investisiya istiqamətləri ilə rəqabət apara bilmir", - D. Daulinq vurğulayıb.
Ekspert qeyd edib ki, kapitalın gəlirlilik meyarı əsasında bölüşdürülməsi zamanı bələdiyyə layihələri qaçılmaz olaraq prioritetlik baxımından sonunculardan olur.
Onun sözlərinə görə, üçüncü maneə əqdlərin miqyasına aiddir: "Bələdiyyə layihələrinin əhəmiyyətli hissəsi institusional investorlar üçün maraq kəsb edən həddə çatmır: onlardan bəziləri yalnız 50-200 milyon ABŞ dolları həcmində və ancaq sindikatlaşdırılmış maliyyələşdirmə formatında iştirak etməyə hazırdırlar. Müxtəlif sahələrdən olan layihələrin birləşdirilməsi və ya onların daha geniş ərazi vahidləri çərçivəsində həyata keçirilməsi çıxış yolu ola bilər".
"PwC"nin tərəfdaşı hesab edir ki, dördüncü amil siyasi riskdir. "Özəl sektor hakimiyyətin prioritetlərini və nəticə etibarilə konkret investisiyaların perspektivlərini birbaşa müəyyən edən yerli və milli siyasi vəziyyəti heç də həmişə düzgün qiymətləndirmək iqtidarında olmur", - o əlavə edib.
D. Daulinq xüsusilə beynəlxalq investorlar üçün əhəmiyyətli olan valyuta riskini beşinci risk kimi fərqləndirib: "Bununla yanaşı o vurğulayıb ki, adları çəkilən maneələrin bir çoxu təklif tərəfdən kreditin gücləndirilməsi alətləri və zəmanət mexanizmləri vasitəsilə aradan qaldırıla bilər".
Mənbə: report.az