Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 60,9 milyon manat vəsait yönəldilib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur.
Ötən 4 ayda investisiya qoyuluşunun 35,3 %-i məhsul istehsalı sahələrinə, 17,4 %-i xidmət sahələrinə, 47,3 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala vəsait qoyuluşunun 52,2 milyon manatı və yaxud 85,7 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvələ nisbətən 62,2 % çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 275 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 % çoxdur.
Bununla belə, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 12,4 % azalaraq 3 milyard 211,9 milyon manat təşkil edib.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyalar məhsul istehsalı sahələri üzrə real ifadədə 19,9 % artaraq 3 milyard 138,2 milyon manat, xidmət sahələri üzrə real ifadədə 13,8 % azalaraq 1 milyard 420,4 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyalar isə real ifadədə 18,3 % azalaraq 716,4 milyon manat olub.