Azərbaycanda qanunvericilik Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupunun (FATF) 40 standartına uyğunlaşdırılıb, nəticədə uyğunluq səviyyəsi 90,5 %-ə çatıb və bu göstəricinin növbəti qiymətləndirmədə 100 %-ə yüksəldilməsi strateji hədəf kimi müəyyən olunub.
"Report" xəbər verir ki, bunu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") təşkilatçılığı ilə keçirilən "Azərbaycanda ilk Risk və Dayanıqlılıq Konfransı" adlı tədbirdə bildirib.
O xatırladıb ki, FATF-ın riskli hesab etdiyi ölkələr beynəlxalq maliyyə sistemindən qismən təcrid olunur, investisiya imkanları məhdudlaşır: "Hər hansı ölkə FATF-ın "boz siyahısı"na düşdüyü zaman onun qarşısında ciddi standartlar qoyulur. Bu zaman pul axınları 7-10 %, birbaşa xarici investisiyalar isə 3-5 % azalır, inflyasiya artır və digər makroiqtisadi göstəricilərə mənfi təsirlər yaranır".
Bundan başqa, sədr deyib ki, rəqəmsal aktivlərin tənzimlənməməsi maliyyə sektorunda yeni risklər və təhdidlər formalaşdırır.
Onun sözlərinə görə, virtual aktivlər, eləcə də elektron ödəniş alətləri maliyyə cinayətlərinin xarakterini dəyişir: "Rəqəmsal aktivlərin tənzimlənməməsi cinayətkarların izlənməsi çətin olan maliyyə alətlərindən istifadəsini artırır və ədalətsiz biznes mühitinin formalaşmasına səbəb olur. Maliyyə institutlarında yeni texnologiyaların düzgün test edilmədən tətbiqi "kor nöqtələr" yaradır və bu da kiberhücum risklərini artırır".
Mənbə: report.az