IMG-LOGO

Aİ Qars-Gümrü dəmir yolu xəttinin işə salınması üzrə Ermənistan-Türkiyə işçi qrupunun görüşünü alqışlayıb

29 Apr 2026 19:10 3 baxış
IMG

Avropa İttifaqı (Aİ) Qars-Gümrü dəmir yolu xəttinin bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun Qarsda keçirilən görüşünü alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin press-relizində qeyd olunub.

Bildirilib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesindəki davamlı tərəqqi regionda uzunmüddətli sülh və sabitliyin əldə olunması üçün müsbət dinamikanı əks etdirir.

Aİ həmçinin İrəvan və Ankara arasında münasibətlərin tam normallaşmasına dəstəyini ifadə edib.

Press-relizdə vurğulanıb ki, Qars-Gümrü dəmir yolu xəttinin işə salınması regional əlaqəliliyin gücləndirilməsinə kömək edəcək və bu da Cənubi Qafqazın bütün ölkələri, xalqları üçün praktiki fayda gətirəcək.

Aİ özünün "Global Gateway" strategiyası, regionlararası əlaqəlilik proqramı və Ermənistanla Türkiyənin mühüm rol oynadığı Transxəzər nəqliyyat dəhlizi çərçivəsində regionda nəqliyyat və iqtisadi əlaqəliliyin inkişafına sadiqliyini təsdiqləyib.

Qeyd edək ki, Qars-Gümrü dəmir yolu xəttinin bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun görüşü aprelin 28-də baş tutub və iki ölkə arasında münasibətlərin normallaşması prosesində əldə edilmiş razılaşmalar çərçivəsində keçirilib.

Xəbər lenti