IMG-LOGO

Azərbaycan bank sektoru möhkəmdir: "Yelo Bank" nümunəsində sabitlik siqnalı

06 May 2026 15:44 3 baxış
IMG

Avropa İttifaqının 20-ci sanksiya paketində "Yelo Bank" ASC-nin adının yer alması ilə bağlı yaranmış müzakirələr bank sektorunda diqqət çəkən yeni bir anlaşılma dalğası yaradıb. Lakin həm bankın özü, həm də Azərbaycan Mərkəzi Bankının açıqlamaları bu məsələnin mahiyyət etibarilə fərqli bir çərçivədə dəyərləndirilməli olduğunu göstərir.

"Yelo Bank" yayılan məlumatlara münasibət bildirərək fəaliyyətinin hər zaman həm beynəlxalq, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə qurulduğunu vurğulayır. Bankın açıqlamasında qeyd olunur ki, qurum ABŞ Maliyyə Nazirliyinin (OFAC), Avropa İttifaqının və BMT-nin sanksiya rejimlərinə, eləcə də AML/CFT üzrə beynəlxalq standartlara və yerli tələblərə ciddi şəkildə riayət edir. Bu baxımdan, sanksiya siyahısında adın çəkilməsi bankın real əməliyyat fəaliyyətinə deyil, daha çox texniki və interpretasiya xarakterli məsələlərə bağlı ola bilər.

Bankın mövqeyinə görə, sözügedən qərar banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair texniki xarakter daşıyır. "Yelo Bank" bu sistemə əvvəllər qoşulsa da, hazırda onunla əməkdaşlığını rəsmi şəkildə dayandırıb və həmin platforma üzərindən heç bir əməliyyat həyata keçirmir. Qurum eyni zamanda bildirir ki, 100 % yerli kapitala malik Azərbaycan bankı olaraq əsas prioriteti mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək, əhaliyə gündəlik bankçılıq xidmətlərini daha əlçatan etməkdir.

Bankın maliyyə göstəricilərinə gəldikdə isə, açıqlamada vurğulanır ki, "Yelo Bank" hazırda yüksək dayanıqlılıq nümayiş etdirir. İlin birinci rübünün nəticələrinə əsasən, məcmu kapital 177 milyon manata yüksəlib, kapital adekvatlığı əmsalı isə 13,48 %, birinci dərəcəli kapitalın adekvatlığı isə 11,69 % təşkil edib. Hər iki göstərici requlyativ tələbləri üstələyərək bankın sabit maliyyə mövqeyini təsdiqləyir.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov da məsələ ilə bağlı açıqlamasında hər hansı ciddi problem müşahidə edilmədiyini bildirib. Onun sözlərinə görə, AMB "Yelo Bank"la mütəmadi əlaqə saxlayır və hazırkı mərhələdə bankın həm likvidlik, həm də kapital adekvatlığı baxımından dayanıqlı mövqedə olduğu görünür: "Heç bir mənfi gözləntimiz mövcud deyil".

Eyni zamanda AMB sədri qeyd edib ki, Avropa İttifaqının sanksiyaları fonunda ödəniş proseslərində müəyyən texniki çətinliklərin yaranması istisna edilmir, lakin son həftələrdə bank vasitəsilə əməliyyatlar normal şəkildə icra olunub və ciddi problemlə rastlaşılmayıb. Onun sözlərinə görə, həm bank, həm də Mərkəzi Bank aidiyyəti qurumlarla məsələnin aydınlaşdırılması üçün müraciətlər edib və proses hüquqi çərçivədə davam etdirilir.

T. Kazımov əlavə edib ki, məsələnin kökündə anlaşılmazlıq ehtimalı yüksəkdir. Onun açıqlamasında xüsusi olaraq qeyd olunub ki, bankın keçmişdə Rusiya Federasiyasının SPFS sisteminə qoşulması ilə bağlı məlumatlar kontekstdən çıxarılaraq şərh edilib: "Bu qoşulma bir neçə il əvvəl, Ukrayna-Rusiya münaqişəsindən öncə baş verib. Ola bilsin ki, bu, sadəcə anlaşılmazlıqdır. Biz bankda hər hansı problem görmürük".

O bildirib ki, bir tərəfdən artıq 25-30 ildir sanksiya rejimi altında olan qonşu dövlət [İran] mövcuddur: "Eyni zamanda iki ildir şimal qonşumuz [Rusiya] da dünyanın aparıcı ölkələri tərəfindən sanksiyalara məruz qalıb.

​Bizim hər hansı maliyyə qurumumuz nə vaxtsa sanksiyaya məruz qalıbmı? Qalmayıb. Səmimi desəm, məncə çox yaxşı nəticə əldə etmişik.

Təbii ki, bu istiqamətdə əsas tərəfdaşlarımızla mütəmadi görüşlər keçirilir. ABŞ-ın Xarici aktivlərə nəzarət ofisi (OFAC) ilə 2024-cü ilin əvvəlində səfərimizin baş tutduğunu artıq qeyd etmişdik.

​Sanksiya məsələləri ilə bilavasitə məşğul olan əsas qurumlarla təmaslarımız davamlıdır. Onlar bizə heç bir irad bildirmirlər. Hər tərəfdən sanksiyalarla əhatə olunmuş bir mühitdə yaşayaraq özümüzün sanksiya altına düşməməyimiz ən mühüm nailiyyətimizdir.

​Avropa İttifaqının yeni 20-ci sanksiya paketinin mahiyyətini tam anlayıram. Burada "Yelobank"ın sanksiyaya düşməsinin maliyyə sektoruna hər hansı təsirini müşahidə etmirik".

AMB sədri potensial risklərlə bağlı da fikirlərini bölüşüb: "Əsas risk odur ki, nəzarət orqanı - Mərkəzi Bank olaraq - öz funksiyalarını yerinə yetirməsin, banklar da ixtiyari hərəkət etsinlər və nəticədə bank sektoru sanksiyaya düşsün.

​Lakin bu, mümkün deyil. Çünki nəzarət orqanı həm beynəlxalq qanunvericilik çərçivəsində, həm də Azərbaycan qanunvericiliyi çərçivəsində öz vəzifələrini icra edir.

​Buna görə də effektivlik sualına cavab olaraq deyə bilərəm ki, qonşu ölkələrin sanksiyaları fonunda bugünkü şəraitdə mövcud nəzarət mexanizminin effektiv olduğu aydın görünür".

Beləliklə, yaranmış vəziyyət daha çox texniki interpretasiya fərqləri və beynəlxalq maliyyə sistemlərinin mürəkkəb əlaqələrindən qaynaqlanan bir anlaşılmazlıq kimi görünür. Rəsmi açıqlamalar isə "Yelo Bank"ın fəaliyyətində sistemli risk və ya əməliyyat pozuntusu olmadığını, bankın normal rejimdə və sabit maliyyə göstəriciləri ilə fəaliyyətini davam etdirdiyini göstərir.

Azərbaycanın baş bankirinin sözlərinə görə, məsələnin yaxın aylarda Avropa İttifaqı tərəfindən yenidən nəzərdən keçirilərək dəyişəcək, çünki buna hər hansı bir əsas yoxdur.

Bu kontekstdə əsas məqam ondan ibarətdir ki, ölkənin bank sektoru beynəlxalq sanksiya rejimlərinə uyğun fəaliyyətini qoruyub saxlayır və tənzimləyici nəzarət effektiv şəkildə işləyir. Mövcud geosiyasi şəraitdə belə sabitliyin təmin olunması ardıcıl institusional nəzarət və beynəlxalq tərəfdaşlarla koordinasiyanın nəticəsidir.

Gözləntilər də məhz bu reallığa əsaslanır: məsələnin Avropa İttifaqı tərəfindən yenidən nəzərdən keçirilməsi və hüquqi-texniki çərçivədə dəqiqləşdirilməsi ilə "Yelo Bank"la bağlı yaranmış qeyri-müəyyənliyin aradan qalxacağı ehtimalı yüksəkdir. Bu isə bir daha təsdiqləyir ki, söhbət bank sektorunun dayanıqlılığına təsir edəcək fundamental problemdən deyil, müvəqqəti və izah tələb edən bir situasiyadan gedir.

Xəbər lenti