Gələn ayın sonuna qədər "Bank BTB" ASC-nin aktivlərinin və öhdəliklərinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi yekunlaşdırılacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Report"un sualını cavablandırarkən bildirib.
"Bank BTB"dəki depozitlərin əksəriyyəti artıq ABB-yə ötürülüb. İndi kreditlərin ötürülməsi həyata keçirilir. Biz hər hansı problem görmürük. Proses arzu etdiyimiz kimi gedir, hər hansı bir çətinlik yoxdur", - deyə o qeyd edib.
Xatırladaq ki, AMB-nin İdarə Heyətinin bu ilin mart ayında qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB"nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkil edilməsinə qabaqcadan razılıq verilib.