Azərbaycanda dövlətə məxsus bəzi idarə, müəssisə və təşkilatların illik maliyyə hesabatlarının auditi ilə bağlı xərclərin azaldığı müşahidə edilir.
Bunu dövlət satınalmalarının vahid internet portalında açıqlanmış məlumatlara əsasən demək olar.
Məsələn, ötən il hesabatların təhlili üçün seçilmiş auditorlarla 4-5 min manatlıq müqavilə bağlayan müəssisələr bu il bu xidməti 2-3 min manata da əldə edə bilirlər. Belə çıxır ki, ya ötən il audit xidmətlərinin qiymətləri süni şəkildə şişirdilib, ya da bu il göstərilən xidmətlərin keyfiyyəti aşağı düşüb.
"Report" məsələni Auditor Palatası ilə müzakirə edib. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, audit xərclərinin azaldılması həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır: "Səbəblərdən biri xərclərin optimallaşdırılması və dövlət büdcəsinin vəsaitlərinə qənaət siyasətinin gücləndirilməsidir. Bir çox hallarda müəssisələr auditor xidmətlərini minimum həcmdə sifariş edir və yaxud daha aşağı qiymət təklif edən auditor təşkilatlarına üstünlük verirlər".
Digər mühüm səbəblərdən biri audit bazarında rəqabətin artmasıdır. "Auditor təşkilatlarının sayının çoxalması nəticəsində bəzi hallarda xidmətlər daha aşağı qiymətlərlə təklif olunur ki, bu da ümumi bazar qiymətlərinin aşağı düşməsinə səbəb olur. Bəzi hallarda isə tender və satınalma prosedurlarında əsas meyar kimi qiymət amilinin üstün tutulması auditor xidmətlərinin dəyərinin azalmasına gətirib çıxarır. Eyni zamanda, bəzi dövlət müəssisələrində daxili audit mexanizmlərinin gücləndirilməsi də kənar auditor xidmətlərinə ayrılan vəsaitlərin azalmasına təsir göstərir. Müəssisələr müəyyən audit funksiyalarını daxili resurslar hesabına həyata keçirməyə üstünlük verirlər. Bununla yanaşı, bəzi hallarda auditor xidmətlərinin əhəmiyyətinin lazımi səviyyədə qiymətləndirilməməsi və auditin idarəetmədə əlavə xərc kimi qəbul edilməsi də bu tendensiyanı gücləndirən amillərdən biri kimi çıxış edir", - deyə Palatadan qeyd olunub.
Qurumun qənaətinə görə, auditor xidmətlərinə ayrılan xərclərin azalması qısa müddətdə maliyyə qənaəti yaratsa da, uzunmüddətli perspektivdə müəyyən risklər doğurur: "Bu baxımdan audit xidmətlərinin qiymətləndirilməsində yalnız qiymət deyil, həm də keyfiyyət və peşəkarlıq meyarlarının nəzərə alınması vacib hesab olunur. Audit xərclərinin azalması audit keyfiyyətinə və maliyyə hesabatlarının etibarlılığına da bir sıra risklər yaradır. Belə ki, auditor xidmətlərinə ayrılan resursların azalması audit prosedurlarının tam və hərtərəfli həyata keçirilməsini çətinləşdirə bilər. Nəticədə audit zamanı tətbiq olunan testlərin həcmi məhdudlaşır, bəzi mühüm sahələr üzrə yoxlamalar kifayət qədər dərin aparılmır".
Palatada hesab edirlər ki, audit xərclərinin azalması auditorların kifayət qədər və uyğun audit sübutları toplamaq imkanlarını da məhdudlaşdırır: "Bu isə auditor rəyinin əsaslandırılmasına mənfi təsir göstərərək maliyyə hesabatlarında mövcud ola biləcək əhəmiyyətli səhvlərin və yaxud uyğunsuzluqların vaxtında aşkar edilməməsi riskini artırır. Belə hallarda maliyyə hesabatlarının istifadəçilərinə təqdim olunan məlumatların düzgünlüyü və etibarlılığı sual altında qalır. Digər tərəfdən, audit xərclərinin azaldılması auditor təşkilatlarında iş yükünün artmasına, prosesə daha az təcrübəli əməkdaşların cəlb edilməsinə səbəb ola bilər. Bu isə mürəkkəb maliyyə əməliyyatlarının və riskli sahələrin lazımi səviyyədə qiymətləndirilməməsi ilə nəticələnə bilər. Bundan əlavə, resursların məhdudluğu audit təşkilatlarında daxili keyfiyyətə nəzarət mexanizmlərinin zəifləməsinə də gətirib çıxarır".
Qurum vurğulayıb ki, audit xərclərinin həddindən artıq azaldılması auditin keyfiyyətinə mənfi təsir göstərərək maliyyə hesabatlarında əhəmiyyətli səhvlərin və yaxud saxtakarlıq hallarının aşkar edilməməsi ehtimalını artırır: "Bu isə maliyyə hesabatlarının etibarlılığına və onlardan istifadə edən investorlar, kreditorlar və digər maraqlı tərəflərin qərar qəbuletmə prosesinə mənfi təsir göstərə bilər. Bununla yanaşı, mövcud şəraitdə auditor xidmətləri bazarında qiymətlərin aşağı düşməsi iki fərqli aspektdən qiymətləndirilir. Bir tərəfdən, bu hal bazarda sağlam rəqabətin nəticəsi kimi qəbul edilə bilər. Rəqabətin artması auditorları daha səmərəli işləməyə, resurslardan optimal istifadə etməyə və xidmətlərini daha əlçatan qiymətlərlə təqdim etməyə sövq edir. Bu zaman qiymətlərin müəyyən qədər aşağı düşməsi müəssisələr üçün auditor xidmətləri əldə edilməsini asanlaşdırır, eyni zamanda auditorları peşəkar səviyyələrini artırmağa təşviq edir".
Palata həm də qeyd edib ki, auditor xidmətlərinin qiymətlərinin həddindən artıq aşağı salınması halları "dumpinq" xarakteri daşıya bilər: "Belə vəziyyətlərdə auditorlar bazarda pay əldə etmək, müştəri cəlb etmək məqsədilə xidmətləri real xərclərdən aşağı qiymətlərlə təklif edirlər. Bu isə auditə ayrılan vaxtın, insan resurslarının və metodoloji yanaşmaların məhdudlaşdırılması riskini yaradır və nəticədə auditin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Auditor xidmətləri bazarında qiymətlərin aşağı düşməsinin sağlam rəqabət, yoxsa dempinq meylləri ilə bağlı olduğunu müəyyən edərkən əsas meyar auditin keyfiyyətinin qorunub-qorunmamasıdır. Əgər qiymətlərin azalması auditin peşə standartlarına uyğun şəkildə baş verirsə, bu, bazarda rəqabətin təbii nəticəsi hesab olunur. Lakin qiymətlərin kəskin şəkildə aşağı salınması audit prosedurlarının səviyyəsinə, nəticələrin etibarlılığına mənfi təsir göstərirsə, bu artıq bazarda keyfiyyətin zəifləməsi kimi qiymətləndirilir".

