IMG-LOGO

Masato Kanda: AİB Asiyanın enerji sistemlərinin və rəqəmsal şəbəkələrinin birləşdirilməsinə 70 milyard dollar ayıracaq

03 May 2026 17:28 3 baxış
IMG

Asiya İnkişaf Bankı (AİB) Asiyada enerji sistemlərinin və rəqəmsal şəbəkələrin birləşdirilməsinə yönəlmiş 70 milyard ABŞ dolları məbləğində genişmiqyaslı təşəbbüsə başlayır.

"Report"un Səmərqəndə ezam olunan müxbiri xəbər verir ki, bunu AİB-nin prezidenti Masato Kanda bankın Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, AİB 2035-ci ilə qədər enerji və rəqəmsal infrastruktur sahəsində ümumi dəyəri 70 milyard dollar olan layihələri dəstəkləyəcək.

"Təşəbbüs enerji sistemlərinin birləşdirilməsinə, transsərhəd elektrik enerjisi ticarətinin inkişafına və Asiya-Sakit okean regionunda genişzolaqlı çıxışın genişləndirilməsinə yönəlib.

Enerjiyə və rəqəmsal texnologiyalara çıxış regionun gələcəyini müəyyən edəcək. Bu təşəbbüslər davamlı artım, rəqabətədavamlılıq və inteqrasiya üçün əsas formalaşdırır. Sərhədləri aşaraq enerji sistemlərini və rəqəmsal şəbəkələri birləşdirməklə biz xərcləri azalda, imkanları genişləndirə və yüz milyonlarla insan üçün etibarlı enerji və rabitəni təmin edə bilərik", - M. Kanda qeyd edib.

O vurğulayıb ki, "Pan-Asiya Enerji Sistemi" (PAGI) təşəbbüsü milli və subregional enerji şəbəkələrinin birləşdirilməsini nəzərdə tutur ki, bu da bərpa olunan enerjinin ölkələr arasında səmərəli şəkildə yenidən bölüşdürülməsinə imkan verəcək. Öz növbəsində, "Asiya-Sakit okean Rəqəmsal Magistralı" rəqəmsal uçurumun azaldılmasına və süni intellektə əsaslanan iqtisadiyyat üçün bazanın yaradılmasına yönəlib.

PAGI çərçivəsində transsərhəd enerji infrastrukturunun inkişafı üçün 2035-ci ilə qədər 50 milyard dolların səfərbər edilməsi planlaşdırılır. Söhbət elektrik verilişi xətlərinin, yarımstansiyaların, enerji toplama sistemlərinin tikintisindən, həmçinin şəbəkələrin rəqəmsallaşdırılmasından gedir. Bundan əlavə, təşəbbüs "yaşıl enerji"nin ixracı, regional enerji hablarının və hibrid generasiya, saxlama obyektlərinin yaradılması daxil olmaqla generasiya layihələrini əhatə edir.

"2035-ci ilə qədər AİB təxminən 20 QVt bərpa olunan güclərin transsərhəd inteqrasiyasını təmin etməyi, 22 min km elektrik verilişi xətti çəkməyi, 200 milyon insanın elektrik enerjisinə çıxışını yaxşılaşdırmağı, 840 minədək iş yeri yaratmağı və regionun enerji sektorunda tullantıları 15 % azaltmağı nəzərdə tutur.

Lazım olan maliyyələşdirmənin təxminən yarısını (25 milyard dollar) bank öz vəsaitləri hesabına təmin etmək niyyətindədir, qalan hissəsi isə özəl sektor da daxil olmaqla, birgə maliyyələşdirmə vasitəsilə cəlb ediləcək. Əlavə olaraq, texniki yardıma, o cümlədən tənzimləmələrin harmonizasiyasına, standartların hazırlanmasına və texniki-iqtisadi əsaslandırmaların tərtibinə 10 milyon dollara qədər vəsait yönəldiləcək", - bankın prezidenti bildirib.

"Pan-Asiya Enerji Sistemi" təşəbbüsü ikitərəfli əlaqələrdən regional elektrik enerjisi ticarəti modelinə keçidi əks etdirir, Cənubi və Cənub-Şərqi Asiyadakı, eləcə də CAREC çərçivəsindəki proqramlar daxil olmaqla, mövcud əməkdaşlıq formatlarına əsaslanır.

Təşəbbüsün ikinci hissəsi - "Asiya-Sakit okean Rəqəmsal Magistralı" 2035-ci ilə qədər 20 milyard dolların səfərbər edilməsini nəzərdə tutur. Vəsaitlər rəqəmsal dəhlizlərin, məlumatların ötürülməsi infrastrukturunun inkişafına və süni intellektin tətbiqinə hazır olan rəqəmsal iqtisadiyyatların formalaşdırılmasına yönəldiləcək.

AİB prezidentinin sözlərinə görə, investisiyalar yerüstü və sualtı fiber-optik xətlərin çəkilməsini, peyk rabitəsinin inkişafını və regional məlumat mərkəzlərinin (data-mərkəzlərin) yaradılmasını əhatə edəcək. AİB həmçinin tənzimləmə sahəsində, o cümlədən kiberrisklərin idarə edilməsində dəstək göstərəcək və rəqəmsal texnologiyalar və süni intellekt sahəsində kadr hazırlığı proqramlarını maliyyələşdirəcək.

"Təşəbbüsün 2035-ci ilə qədər 200 milyon insanı ilkin genişzolaqlı çıxışı təmin edəcəyi və daha 450 milyon insan üçün rabitə keyfiyyətini yaxşılaşdıracağı gözlənilir. Bu, ucqar və dənizə çıxışı olmayan ölkələrdə rabitənin qiymətini təqribən 40 % azaltmağa və 4 milyona qədər iş yeri yaratmağa imkan verəcək.

20 milyard dollarlıq ümumi həcmin 15 milyard dollarını AİB öz resurslarından təmin etməyi, daha 5 milyard dollarını isə birgə maliyyələşdirmə vasitəsilə cəlb etməyi planlaşdırır. Seulda həmçinin Koreya Respublikası hökumətinin 20 milyon dollar məbləğində dəstəyi ilə Süni İntellekt üzrə İnnovasiyalar və İnkişaf Mərkəzi yaradılacaq. Mərkəz süni intellektin məsuliyyətli şəkildə tətbiqinin təşviqi və 2035-ci ilə qədər təxminən 3 milyon mütəxəssisin hazırlanması ilə məşğul olacaq", - M. Kanda fikirlərini yekunlaşdırıb.

Xəbər lenti