IMG-LOGO

Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə edib

01 May 2026 15:35 6 baxış
IMG

Bu ilin aprel ayında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarına alışyönlü müdaxilə edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə cari ilin ötən aylarında valyuta bazarında təklif tələbi üstələyib, ölkənin valyuta ehtiyatlarında artım davam edib. Valyuta bazarında təklifin tələbi üstələməsi həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub.

Son dövrlər valyuta hərraclarında tələbin aşağı olması nəticəsində valyuta bazarında təklif artıqlığı formalaşıb və bu şəraitdə AMB ötən ay 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirib. Nəticədə, valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, apreldə qurumun valyuta ehtiyatları 1 milyard 29,7 milyon ABŞ dolları artıb.

"Alınmış 1 milyard ABŞ dollarının tam və yaxud bir hissəsi il ərzində bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən valyuta bazarına yönəldilə bilər. Makroiqtisadi sabitliyin qorunması məqsədilə valyuta bazarında alış və ya satışyönlü əməliyyatlarla iştirak davam etdirildiyi təqdirdə bu barədə məlumat açıqlanacaq", - deyə AMB bəyan edib.

Xəbər lenti