Bu ilin yanvar-mart aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 511 milyon 718 min manat xərcləyib.
"Report" rəsmi statistikaya istinadən xəbər verir ki, turistlərin xərcləri ötən ilin eyni dövrünə nisbətən 16,7 % artıb.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malikdir. Belə ki, turistlər üç ay ərzində nəqliyyata 234 milyon 607 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 46,3 % çoxdur.
Son 1 ildə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 9,9 % azalaraq 93 milyon 151 min manat təşkil edib.
Turistlər qidalanmaya 97 milyon 528 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 10,4 % çoxdur.
Mədəniyyət sahəsinə çəkilən xərclər isə 2,6 dəfə artaraq 2 milyon 809 min manat olub.
Turizm zərfinin alınmasına isə 234 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 dəfə azalıb.
Nəqliyyat vasitələrinin icarəsinə 802 min manat (+1,9 %), idman və əyləncə xidmətlərinə 2 milyon 639 min manat (-6 %), malların və hədiyyələrin alınmasına 60 milyon 820 min manat (- 10,2 %), digər istiqamətlərə isə 19 milyon 126 min manat (4,8 dəfə çox ) xərclənib.
Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər çəkib. Onların xərcləri il ərzində 7,7 % azalaraq 142 milyon 654 min manat təşkil edib.
Türkiyədən gələn turistlərin xərcləri 68 milyon 156 min manat olub ki, bu da illik müqayisədə 3,6 % artım deməkdir. Hindistandan səfər edənlərin xərcləri isə 2 dəfə azalaraq 35 milyon 15 min manata düşüb.
Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Məlumata görə, gələnlərin 25,9 %-i Rusiya, 21,7 %-i Türkiyə, 8,9 %-i İran, 5,3 %-i Gürcüstan, 4,1 %-i Qazaxıstan, 3,6 %-i Hindistan, hər birindən 3 % olmaqla Pakistan və Özbəkistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 2,1 %-i Çin, 1,9 %-i İsrail, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,2 %-i Böyük Britaniya, hər birindən 1 % olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, gələnlərin 71,8 %-ni kişilər, 28,2 %-ni qadınlar təşkil edib.