IMG-LOGO

İran XİN: ABŞ-nin Hörmüz boğazını blokadada saxlaması atəşkəsin pozulmasıdır

23 Apr 2026 22:11 6 baxış
IMG

ABŞ tərəfindən Hörmüz boğazının blokadasının davam etdirilməsi atəşkəs rejiminin pozulmasıdır və beynəlxalq hüququn əsas normalarına ziddir.

"Report" xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai SNNTV-nin efirində deyib.

O əlavə edib ki, istənilən diplomatik prosesdə minimal səviyyədə xoşməramlı mühitin yaradılması və dialoq zamanı niyyətlərin ciddiliyinin nümayiş etdirilməsi əsas prinsipdir:

"Lakin ABŞ ilə bağlı vəziyyətdə biz lap əvvəldən ziddiyyətli davranış və öhdəliklərin pozulması ilə qarşılaşmışıq. Dəniz yollarına məhdudiyyət və ya təzyiq kimi bəzi hərəkətlərin davam etdirilməsi, beynəlxalq hüquqda düşmənçilik hərəkətləri və hətta təcavüz aktı kimi qiymətləndirilə bilər".

XİN rəsmisinin sözlərinə görə, atəşkəs dövründə minimal öhdəliklərə əməl olunmadıqda daha geniş sazişin yerinə yetirilməsinə olan etimad da ciddi şəkildə sarsılır:

"Ticarət gəmilərinə hücumlar nəinki beynəlxalq hüququn əsas normalarını pozur, həm də bütövlükdə atəşkəs prosesində qarşı tərəfin niyyətlərinə olan inamsızlığı artırır".

Qeyd edək ki, daha əvvəl İ. Bəqai SNNTV-nin efirində İrana qarşı irəli sürülən "10 bomba" iddialarına da münasibət bildirib.

Xəbər lenti