İran hökumətində ixtilafların olması barədə iddialar daha çox diqqəti yayındırmaq məqsədi daşıyır.
"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai SNNTV-nin efirində deyib.
"İran hökumətində ixtilafların olması barədə iddialar daha çox diqqəti yayındırmaq məqsədi daşıyır, müharibədən sonra diplomatiya tam həmrəylik və koordinasiya ilə davam etdirilir", - o bildirib və əlavə edib ki, ABŞ-nin son bir-iki ildə və hətta ondan da əvvəlki problemlərindən biri İran xalqını və ölkədə qərar qəbuletmə mexanizmini kifayət qədər anlamamasıdır:
"Onların stereotiplərə və yanlış təhlillərə əsaslanan təsəvvürü ondan ibarət idi ki, iyunda məhdud hərbi zərbələrlə İranı diz çökdürə biləcəklər, lakin bu, tamamilə yanlış idi. İlkin uğursuzluqdan sonra onlar eyni yolu başqa üsullarla təkrarlamağa çalışıblar, lakin yenə də nəticəsiz qalıb".
Bəqainin sözlərinə görə, İran birlik və qərar qəbuletmə sürəti ilə ağır mübarizədən sonra diplomatiya yoluna qədəm qoyub.
Qeyd edək ki, aprelin 23-də ABŞ Prezidenti Donald Tramp İranda hələ də ölkənin rəhbərliyini müəyyənləşdirə bilmədiklərini, müxtəlif siyasi qüvvələr arasında daxili mübarizənin davam etdiyini bildirib.