IMG-LOGO

Ermənistandakı Azərbaycan irsinə sahib çıxmaq üçün beynəlxalq təşkilatlarda məsələ qaldırılmalıdır - RƏY

23 Apr 2026 13:43 5 baxış
IMG

Ermənistan ərazisində qalan Azərbaycan irsinə sahib çıxılması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında mütləq məsələ qaldırmalıdır və xüsusilə də Azərbaycan diaspor təşkilatları vasitəsilə bu proseslər mütəmadi olaraq davam etdirilməlidir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda azərbaycanlılara məxsus mədəni irsin talan edilməsi, dağıdılması, özününküləşdirilməsi və ümumiyyətlə yer üzündən silinməsi məqsədyönlü şəkildə Ermənistan dövləti tərəfindən həyata keçirilib:

"Hazırkı Ermənistan ərazisində bu iş bir əsr boyunca davam etdirilib. Sovetlər dönəmində isə bu proses daha sürətli reallaşdırılıb və hazırda İrəvanda Azərbaycana məxsus çox az sayda mədəni irsə aid nümunələr qalıb. Onların da demək olar ki, yer üzündən silinməsi və tamamilə məhv edilməsi hazırda müşahidə edilir".

Deputat 90-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı zamanı mədəni irsin talan edilməsi məsələsini də ortaya qoyub:

"90-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurdakı mədəni irsin talan edilməsi, dağıdılması reallaşdırılıb. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra biz bunu daha açıq şəkildə gördük. Faktiki olaraq şəhərlər, rayonlar, kəndlər yer üzündən silinib. Buradakı mövcud olan qəbiristanlıqlar, məscidlər, kilsələr dağıdılıb və hətta Azıx mağarasının belə erməniləşdirilməsi halları müşahidə edilir".

N.Həmzəyev bildirib ki, vətəndaş cəmiyyəti üzvləri də bu prosesdə aktivlik göstərməlidir:

"Hər bir şeyi Azərbaycan dövlətindən gözləməməliyik və hökumətin üzərinə atmamalıyıq. Hər bir Azərbaycan vətəndaşı bu proseslərdə aktiv olmalıdır və biz çalışmalıyıq ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıraq, Azərbaycan mədəni irsini qoruyaq və xüsusilə də beynəlxalq təşkilatları bu proseslərdə aktiv olmağa çağıraq. UNESCO və digər mədəni irsin qorunmasında məsuliyyət daşıyan təşkilatlar məhz Azərbaycan mədəni irsinin qorunması məsələsində passivlik nümayiş etdirir. Onlar ikili standartlardan çıxış edirlər. Ancaq biz Azərbaycan vətəndaşları olaraq bu təşkilatlar qarşısında daim məsələ qaldırmalıyıq ki, onlar ikili standartlardan əl çəksinlər və reallıqları bilsinlər".

Deputat vurğulayıb ki, beynəlxalq təşkilatların Azərbaycan mədəni irsinin qorunmasında laqeydlik göstərməsində səbəblərdən biri uzun illər ermənilər və erməni diasporu tərəfindən bəzi həqiqətlərin də təhrifidir:

"Bu baxımdan da çox zaman müraciətlər ciddi qarşılanmır. Çünki onlar düşünürlər ki, bu abidələr ermənilərə məxsusdur və yaxud hər hansı bir xristian abidələrinin azərbaycanlılara məxsus olmadığı fikri irəli sürülür. Hərçənd ki, bu coğrafiyada yaşayan azərbaycanlılar, Azərbaycan türkləri islamdan öncə digər dinlərə də sitayiş ediblər. Hazırda belə digər dinlərə sitayiş edən azərbaycanlılar var. Yəni bu baxımdan da biz bu məsələlərdə aktivlik nümayiş etdirməliyik. Kifayət qədər faktlar, sübutlar var. Biz çalışmalıyıq ki, sosial media ilə digər diplomatik kanallar vasitəsilə dünya ictimaiyyətinə bu məsələni çatdıraq və aktiv olaq".

Xəbər lenti