Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi problemi Astanada regional ekoloji sammit çərçivəsindəki müzakirələr zamanı əsas yer tutub.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bunu jurnalistlərə Astanada "RES 2026 EXPO" sammitində iştirak edən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) regional koordinatoru Mahir Əliyev bildirib.
"Bu gün Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə həsr olunmuş panel iclas keçirilib. Müzakirələr Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistanın iştirakı ilə beştərəfli formatda baş tutub", - o deyib.
Koordinatorun sözlərinə görə, hər bir ölkə problemin həlli üçün görülən tədbirlər barədə məlumat təqdim edib.
"Müzakirələr zamanı regional səviyyədə koordinasiyanı gücləndirməyin və birgə yanaşmalar hazırlamağın zəruriliyi vurğulandı", - o qeyd edib.
M.Əliyev bildirib ki, Xəzəryanı ölkələr tərəfindən uzunmüddətli regional fəaliyyət planının hazırlanması barədə razılıq əldə olunub.
"2026–2035-ci illər üçün 10 illik fəaliyyət planının hazırlanması haqqında qərar var", - M.Əliyev qeyd edib.
Bununla yanaşı o, görüşün məlumat xarakteri daşıdığını dəqiqləşdirib:
"Bugünkü tədbirin məqsədi konkret qərarlar qəbul etmək deyildi. Müzakirədə beynəlxalq və donor təşkilatlarının nümayəndələri iştirak etdiyinə görə, bu, daha çox məlumat xarakteri daşıyırdı".
M.Əliyevin sözlərinə görə, əsas diqqət görülən tədbirlər barədə məlumatlandırmaya və beynəlxalq dəstəyin cəlb edilməsinə yönəldilmişdi:
"Regional fəaliyyət planının hazırlanması barədə razılaşmanı artıq gələcək işlər üçün əsas olacaq konkret nəticə kimi qiymətləndirmək olar".
Qeyd edək ki, müxtəlif qiymətləndirmələrə və proqnozlara əsasən, 2050-ci ilə qədər Xəzər dənizində suyun səviyyəsi 8-21 metr aralığında azala bilər.