İran ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin Tehran ilə razılaşdırılmadan Hörmüz boğazından keçməsi barədə məlumatları təkzib edib.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" İranın təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, "atəşkəs elan edildiyi andan" Tehran ilə razılaşdırılmadan "heç bir gəmi Hörmüz boğazından keçməyib".
17:21
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir neçə gəmisi İranla razılaşdırmadan Hörmüz boğazını keçib.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" məlumat yayıb.
Qeyd olunub ki, bu, ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı başlayandan bəri ilk belə haldır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların əsas mövzuları kimi hərbi əməliyyatların dayandırılması, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət müəyyən edilib.
Tehran dialoqun yalnız Livanda atəşkəs və sanksiyaların qismən ləğvi şərti ilə başlamasında israr edir, Vaşinqton isə məhdudiyyətlərin yumşaldılmasını yalnız Tehranın nüvə və raket proqramları ilə bağlı güzəştləri müqabilində müzakirə etməyə hazırdır.
Tərəflər Hörmüz boğazının statusu məsələsində də fərqli mövqedədirlər: İran faktiki nəzarət və tranzit üçün ödəniş almaq hüququ tələb edir, ABŞ isə onun beynəlxalq gəmiçilik üçün tam açıq olmasında israrlıdır.
Əlavə olaraq Tehran dondurulmuş aktivlərin açılması və münaqişə nəticəsində ona dəyən ziyana görə kompensasiya ödənilməsi məsələsini qaldırır.
İran həmçinin ABŞ qoşunlarının Yaxın Şərqdən çıxarılmasını və hücum edilməyəcəyinə dair zəmanət tələb edir, Prezident Donald Tramp administrasiyası isə tam razılaşma əldə olunana qədər hərbi mövcudluğun saxlanılmasını mümkün hesab edir və danışıqlar uğursuzluqla nəticələnəcəyi təqdirdə eskalasiyanı istisna etmir.