IMG-LOGO

Uşaqlar nə qədər yatmalıdır?

11 Apr 2026 14:40 2 baxış
IMG
24 0

Hamı “uşaq yuxuda böyüyür” deyimini bilir, amma nədənsə çox az adam bunu tibbi fakt kimi qəbul edir. Valideynlər rejim xatirinə uşağı səhər tezdən oyadır, sonra isə günortaya yaxın əsəbiliyə təəccüblənirlər. Əslində uşaqlıqda xroniki yuxu çatışmazlığı sadəcə kapriz deyil bu, beyin inkişafının ləngiməsi deməkdir.

Lent.az xəbər verir ki, yuxu üzrə mütəxəssislər xəbərdarlıq edir. Müasir uşaqlar 20 il əvvəlki yaşıdları ilə müqayisədə gündə orta hesabla 2 saat az yatırlar. Bunun səbəbi qadcetlər, əlavə məşğələlər və “az yatıb çox iş görmək” anlayışıdır. Amma uşaq orqanizmi batareya deyil onu nə qəhvə, nə də iradə ilə “doldurmaq” mümkün deyil. Yuxusuz qalan uşaq daha zəif öyrənir, daha tez-tez xəstələnir və daha çox narahat olur. Bu, qorxutmaq deyil, dünya üzrə aparılan tədqiqatların nəticəsidir.

Uşaqlar nə qədər yatmalıdır?

Yeni doğulanlar (0-3 ay) 14-17 saat yatır və bu yuxu 2-3 saatlıq hissələrə bölünür, bu tam normaldır. 4-11 aylıq körpələr 12-15 saat yatır və bunun 9-10 saatı gecə yuxusudur. 1 yaşa yaxın ümumi yuxu müddəti 13-14 saat olur və gündüz yuxuları tədricən azalır. 1-3 yaş arası uşaqlara 12-13 saat yuxu lazımdır. 3 yaşdan sonra isə 10-12 saat yuxu və gündüz bir dəfə yatmaq tövsiyə olunur. 7-10 yaşlı uşaqlar üçün 10-11 saat yuxu vacibdir. 14-17 yaş arası yeniyetmələrə isə 8-10 saat yuxu lazımdır, lakin bu dövrdə bioloji ritmlər dəyişir və gec yatmaq istəyi artır. Yuxu çatışmazlığı uşağın orqanizminə ciddi təsir edir. Hər itirilmiş saat immun sisteminə, yaddaşa və iştahaya mənfi təsir göstərir. Stress hormonu kortizol artır, melatonin isə azalır, nəticədə uşaq daha çətin yuxuya gedir. Araşdırmalar göstərir ki, az yatan uşaqlarda artıq çəki riski iki dəfə çoxdur, çünki hormon balansı pozulur. Yuxu yaddaş üçün də vacibdir. Uşaq yatarkən beyin informasiyanı qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürür.

Yuxu az olduqda bu proses pozulur və öyrənilən məlumat tez unudulur. Emosional vəziyyət də dəyişir. Yorğun uşaq özünü idarə etməkdə çətinlik çəkir, tez əsəbiləşir. Bu, tərbiyə problemi deyil, yorğunluğun nəticəsidir. Düzgün rejim yaratmaq üçün ilk növbədə ritual vacibdir. Hər gün eyni vaxtda eyni hərəkətləri etmək (diş yumaq, kitab oxumaq və s.) beynə yuxu siqnalı verir. Yatmazdan əvvəl ekranlardan uzaq durmaq lazımdır, çünki onların işığı melatonin istehsalını azaldır. Otaq temperaturu 18-20 dərəcə olmalıdır sərin mühitdə yuxuya getmək daha asandır.

Hər gün eyni saatda oyanmaq da vacibdir, bu, bioloji saatı tənzimləyir. Uşaq yuxusu həftəsonu rejim dəyişikliklərini “sevmir”, çünki bu, bütün növbəti həftəyə mənfi təsir göstərə bilər.

Uşaq uşaq yuxusu valideyn məsləhətləri uşaq sağlamlığı

Xəbər lenti