Vladiqafqazdakı anbarda baş verən partlayışdan sonra pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo sosial şəbəkələrdə yazıb.
"Pirotexniki məmulatların qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb. Hazırda bütün zəruri istintaq tədbirləri görülür. Əməliyyat tədbirləri zamanı pirotexnika hazırlamaq üçün istifadə olunan komponentlər götürülüb", - o bildirib.
S.Menyaylonun sözlərinə görə, hadisə faktı ilə bağlı cinayət işi açılıb, hadisənin bütün halları müəyyənləşdirilir.
Xatırladaq ki, partlayış aprelin 10-da Vladiqafqazda pirotexnika anbarında baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 14 nəfər xəsarət alıb. Hazırda partlayış yerində dağıntıların təmizlənməsi işləri davam etdirilir.