Türkiyə bölgədə sülhün təmini üçün lazımi addımları tərəddüdsüz şəkildə atmağı öz vəzifəsi sayır.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki qrup toplantısında deyib.
Onun sözlərinə görə, Türkiyəni bu alovdan uzaq saxlamaqda qətiyyətlidirlər:
"Axan qanın dayandırılması, silahların susması və problemlərin diplomatiya yolu ilə həll oluna bilməsi üçün iynə ucu qədər ümid varsa, bunu dəyərləndirmək boynumuzun borcudur".
Türkiyə lideri qeyd edib ki, müharibənin regional daxili qarşıdurmaya çevrilmə riski var:
"Enerji, nəqliyyat və infrastruktur obyektlərinə yönəlmiş cavab zərbələri regional daxili qarşıdurmaları alovlandırır".
Ərdoğan əlavə edib ki, müharibənin başlanğıcından etibarən Türkiyənin prinsipial mövqeyi, dünyaya və bölgəyə verdiyi mesajlar insanlığın və vicdanın səsi olub:
"Bəşəriyyətin düşdüyü bu sıxıntılı vəziyyətdən çıxması üçün ən böyük imkan diplomatiya və dialoqdur. Maksimalist tələblərdə israr etmək əvəzinə, ortaq məxrəcə gəlməyə çalışmaq lazımdır. Bunu ağıl da tələb edir, vicdan da. Beynəlxalq hüquq, ədalət də bunu zəruri edir. Ümidimiz odur ki, sağlam düşüncənin hakim olduğu, daha çox qan tökülmədən sülhə gedən yol açılsın. Biz bunun üçün lazım gələrsə bütün gücümüzlə səylərimizi davam etdirəcəyik".