ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların lideri Hakim Cefris aşağı palatanın spikeri vəzifəsinə namizədliyini rəsmən elan edib.
"Report" xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Siyasətçi partiyadaşlarına müraciət edərək namizədliyini dəstəkləmələrini xahiş edib.
"Mən sizdən Nümayəndələr Palatasının növbəti spikeri vəzifəsinə namizədliyimi dəstəkləməyinizi xahiş edirəm", – müraciətdə deyilir.
Cefris demokratların üç əsas prioritetini açıqlayıb: yaşayış xərclərinin azaldılması, hakimiyyətin hesabatlılığının təmin edilməsi və Amerika dəyərlərinin qorunması.
O, həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasının tam nəzarətində olan bir struktur kimi fəaliyyət göstərən Nümayəndələr Palatası dövrünün artıq geridə qaldığını bildirib.
Telekanalın məlumatına görə, demokratların rəhbərliyinin müəyyənləşdirilməsi ilə bağlı partiyadaxili seçkilər noyabrın 18-də qapalı formatda keçiriləcək. Partiyanın namizədliyini qazanmaq üçün Cefris fraksiya üzvlərinin sadə səs çoxluğunun dəstəyini almalıdır.
Spiker postuna yekun səsvermə Konqresin yeni çağırışının 2027-ci il yanvarın 3-də fəaliyyətə başlamasından sonra keçiriləcək.
Seçiləcəyi təqdirdə, Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan ilk afroamerikalı olacaq.
Mənbə: report.az