IMG-LOGO

Azərbaycanla Serbiya arasında növbəti siyasi məsləhətləşmələr ilin sonunda keçiriləcək

01 Apr 2026 13:43 5 baxış
IMG

Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu ilin sonunda Belqradda keçiriləcəyi gözlənilir.

Bunu "Report"un Balkan bürosuna müsahibəsində Serbiya Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç deyib.

O xatırladıb ki, bu ilin fevralında ikinci dövlət katibi Nevena Yovanoviç Bakıda çoxtərəfli məsləhətləşmələrdə iştirak edib:

"Düşünürəm ki, ən sıx siyasi məsləhətləşmə məhz bizim nazirliklərimiz arasında aparılır. Nazir Marko Curiç vəzifəyə gəldikdən və mən nazirlikdə dövlət katibi olaraq fəaliyyətə başladıqdan sonra ölkələrimiz arasında hər il siyasi məsləhətləşmələr keçirilib. 2024-cü ildə Azərbaycan nümayəndə heyəti Belqradda, keçən il isə mən Bakıda olmuşam".

O vurğulayıb ki, siyasi məsləhətləşmələr mexanizmi iki ölkə arasında əməkdaşlıq çərçivəsində baş verən bütün proseslərin ümumi icmalını dəyərləndirmək üçün yaxşı vasitədir.

"Nazirliklərimiz arasında yüksək səviyyədə qarşılıqlı anlayış mövcuddur. Bildiyiniz kimi, biz ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birimizi qətiyyətlə dəstəkləyirik. Bunlar hər iki ölkə üçün çox mühüm prinsiplərdir. Bu səviyyədə anlaşma yalnız ölkələrimiz arasındakı tərəfdaşlıq kimi deyil, həm də bir-birini çox yaxşı tanıyan şəxslərin dostcasına görüşləri kimi dəyərləndirilir. Yəni belə məsləhətləşmələr ən yaxın dostlarla görüşmək kimidir", - o deyib.

Xəbər lenti