IMG-LOGO

Mişenko: Ukrayna Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə ümid edir

31 Mar 2026 17:34 4 baxış
IMG

Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafında maraqlıdır və onu regionda əməkdaşlığın mühüm istiqaməti kimi nəzərdən keçirir.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişenko jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu gün (Yaxın Şərqdəki münaqişə səbəbindən - red.) qlobal nəqliyyat marşrutları dəyişir:

"Nəqliyyat və logistika baxımından Qara dənizdən Xəzər dənizinə uzanan marşrut Ukrayna tərəfindən əsas marşrut kimi nəzərdən keçirilir. Hazırda bu marşrutun yenidən işə salınması müzakirə olunur. Məqsəd Qara dənizdən Xəzər vasitəsilə, daha sonra Qazaxıstan üzərindən Çin istiqamətində nəqliyyat marşrutunu bərpa etməkdir".

A.Mişenko vurğulayıb ki, Ukrayna Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. "Azərbaycan bizim strateji tərəfdaşımızdır və biz xüsusilə qış dövründə göstərilən əhəmiyyətli yardıma (enerji sahəsində - red.) görə minnətdarıq", - nazir müavini vurğulayıb.

O, həmçinin Azərbaycanın Ukraynada həyata keçirdiyi humanitar layihələri qeyd edib: "Bütün ukraynalılar konkret layihələri, məsələn, İrpendə - xəstəxananın bərpası və oftalmoloq-alim Zərifə Əliyeva adına məktəbin tikilməsini xatırlayır. Bu cür təşəbbüslər digər regionlarda da həyata keçirilir".

Kiyev və Bakı arasındakı ikitərəfli münasibətlərdən danışan Mişenko onların strateji xarakterini vurğulayıb: "Ölkələrimizin münasibətlərinin böyük tarixi var - Heydər Əliyev və Leonid Kuçma dövründən başlayaraq. Bu gün prezidentlər İlham Əliyev və Volodimir Zelenski əməkdaşlıq məsələlərini mütəmadi olaraq müzakirə edirlər".

A.Mişenko əlavə edib ki, Ukrayna Rusiya ilə müharibə başa çatdıqdan sonra Azərbaycanla qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə ümid edir. "Biz enerji sahəsində böyük perspektivlər görürük, eyni zamanda hərbi-texniki əməkdaşlığın inkişafına hazırıq".

Xəbər lenti