IMG-LOGO

Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək

05 Nov 2026 08:08 4 baxış
IMG

Paraqvay parlamentinin Deputatlar Palatası noyabrın 5-də rəqəmsal bank Ueno Bank ətrafında yaranmış qalmaqal fonunda Prezident Santyaqo Penyanın impiçmenti prosedurunun başlanması təklifini nəzərdən keçirəcək.

"Report" "ABC Color" qəzetinə istinadən xəbər verir ki, aşağı palatanın sədri Raul Latorrenin sərəncamı ilə iclas Bakı vaxtı ilə saat 18:00-a təyin edilib.

Prezidentin impiçmenti təşəbbüsünə baxıldıqdan sonra deputatlar vitse-prezident Pedro Aliananın vəzifəsindən kənarlaşdırılması məsələsini də müzakirə edəcəklər.

Müxalifətçi deputatlar Penyanı Ueno Bankla ehtimal olunan əlaqələrinə görə maraqlar toqquşmasında ittiham edirlər.

Qanunvericilərin təqdim etdiyi sənəddə iddia olunur ki, hökumət dövlət Sosial Sığorta Fondunun problemli banka qanunvericiliklə müəyyən edilmiş həddi aşan məbləğdə vəsait yerləşdirməsinə yol verib.

Bundan başqa, impiçment tərəfdarları bankın keçmiş yüksək vəzifəli rəhbərlərindən birinin Paraqvay Mərkəzi Bankının rəhbəri təyin edilməsinə diqqət çəkirlər. Onların fikrincə, belə bir qərar ictimai maraqların qorunması öhdəliyi ilə uzlaşmır.

İmpiçment prosedurunun başlanması üçün təşəbbüs deputatların üçdə ikisinin dəstəyini qazanmalıdır. Təklif qəbul edilərsə, məsələ Senata göndəriləcək. Senat açıq dinləmələr keçirərək yekun qərar verəcək.

Mənbə: report.az

Xəbər lenti