Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (ADTA) gəmiləri Yəmənin ərazi sularından (Qırmızı dəniz, Ədən körfəzi ilə əhatə olunmuş strateji Babül-Məndəb boğazından - red.) uzaq durmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Buna səbəb husilərin ABŞ və İsrailə qarşı savaşa qoşulmasıdır", - məlumatda qeyd olunub.
Qeyd edək ki, İranın ABŞ ilə İsrail və onların müttəfiqləri üçün Hörmüz boğazını bloklamasından sonra bəzi gəmilər Ərəb dənizi, Ədən körfəzi və Qırmızı dəniz marşrutu ilə hərəkət etməyə başlayıb. Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının martın 28-də İsraildəki hədəflərə raket zərbəsi endirməsi isə gəmilərin bu hərəkət istiqaməti üçün də təhdid yaradıb.
Məlumat üçün bildirək ki, Avropa İttifaqının (Aİ) dəniz missiyaları, əsasən, Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək (məsələn, "Aspides" əməliyyatı) və ya strateji boğazlarda (Hörmüz) hərbi iştirakı gücləndirmək məqsədilə yaradılan müvəqqəti və ya tematik hərbi-təhlükəsizlik təşəbbüsləridir. Bu missiyalar ticarət yollarını qorumaq və dəniz təhlükəsizliyinə dəstək vermək üçün İtaliya kimi üzv dövlətlərin operativ komandanlığı ilə fəaliyyət göstərir.
Qırmızı Dəniz Missiyası (Aspides) 2024-cü ilin fevralından etibarən husi hücumlarına qarşı gəmilərin təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərən Aİ hərbi missiyasıdır. Hörmüz Boğazı Təşəbbüsü isə İran-ABŞ gərginliyi səbəbindən Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün yaradılıb.