Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən “Paradise Travel Group” MMC-nin rəhbəri Pərvin Quliyevaya hökm oxunub.
Lent.az xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə Pərvin Quliyeva 3 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
İstintaqla müəyyən edilib ki, Pərvin Quliyeva Sevinc Dadaşovanı ABŞ səfirliyi vasitəsilə viza alaraq Kanadaya göndərəcəyini və orada işlə təmin edəcəyini vəd edib. O, bu yolla zərərçəkmişin ümumilikdə 50 min 150 manatını ələ keçirib.
Pərvin Quliyeva digər iki qadına isə leykoz xəstəliyindən əziyyət çəkdiyini, donor tapıldığı üçün 24 saat ərzində Almaniyaya getməli olduğunu bildirib. Bu yalanla Nuriyyə Əhmədovanın 8 min 800 manatını mənimsəyib.
Təqsirləndirilən şəxs Orxan Allahverdiyev və Aygün Hüseynovaya Tayland vizası düzəldəcəyini vəd edərək onların adına saxta sənədlər hazırlayıb və 340 manat alıb.
O, rəhbəri olduğu “Paradise Travel Group” MMC-nin fəaliyyəti dayandırıldığı halda şirkətin işlədiyini deyərək İlahə Rüstəmovadan Bodrum səfəri üçün 5 min 700 manat alıb. Eyni üsulla Elvira Əhmədovanın da 5 min 700 manatını ələ keçirib.
Pərvin Quliyeva Fərrux Soltanovu Bakı Şəhər Baş Polis İdarəsində guya “sosial mediaya nəzarət” şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edərək ondan da 3 min manat alıb.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.1-ci maddələri ilə ittiham verilib.
Pərvin Quliyeva Paradise Travel Group Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluq viza dələduzluğu saxta viza Kanada vizası turizm şirkəti məhkəmə hökmü Fərid Namazov kriminal xəbər azadlıqdan məhrumetmə işə düzəltmək vədi külli miqdarda dələduzluq
Mənbə: lent.az