IMG-LOGO

46 dərəcə istiyə qarşı qeyri-adi üsul - Küçələrə kondisioner quraşdırılır

20 Aug 2026 13:35 2 baxış
IMG
2 0

Yay aylarında havanın temperaturunun 46 dərəcəyə çatdığı Qətərdə dözülməz istilərlə mübarizə üçün qeyri-adi texnologiyalardan istifadə olunur. Ölkədə sərinləşdirilən səkilər, açıq havada işləyən kondisionerlər və günəş şüalarını əks etdirən xüsusi asfalt örtükləri tətbiq edilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Qətərdə yüksək temperatur gündəlik həyatı ciddi şəkildə çətinləşdirdiyindən mühəndislər insanların açıq havada daha rahat hərəkət edə bilməsi üçün müxtəlif həllər hazırlayıblar.

Bəzi ərazilərdə piyada və qaçış yollarının altına xüsusi soyutma sistemləri yerləşdirilib. Bu qurğular soyuq havanı birbaşa insanların hərəkət etdiyi səthə ötürür.

Məqsəd həmin ərazilərdə temperaturu təxminən 26-28 dərəcə səviyyəsində saxlamaqdır. Bunun sayəsində havanın kəskin isti olduğu vaxtlarda belə insanların gəzməsi və ya qaçışla məşğul olması daha rahat olur.

Küçələr də kondisionerlə soyudulur

Oxşar sistem Qətərin məşhur Katara mədəniyyət məhəlləsində də tətbiq edilir. Burada küçələrdə yerləşdirilən kondisionerlər kafe və mağazaların qarşısındakı açıq məkanları sərinləşdirir.

Bu texnologiyadan daha əvvəl ölkədəki bir sıra futbol stadionlarında da istifadə olunub. Soyutma sistemi bir neçə texnologiyanın birlikdə işləməsi prinsipi üzərində qurulub. Buraya müəyyən nöqtələrin soyudulması, istilik izolyasiyası, havanın qismən dövriyyəsi, soyuğun toplanması və havanın rütubətinin azaldılması daxildir.

Sistemlərdə adi kompressorlardan deyil, istilik enerjisindən istifadə edən xüsusi soyuducu qurğular da tətbiq edilir. Enerji sərfiyyatını azaltmaq üçün soyuq enerjinin əvvəlcədən toplanması üsulundan istifadə olunur. Elektrik enerjisinə tələbatın az olduğu saatlarda sistem soyutma enerjisi toplayır, daha sonra isə onu pik saatlarda istifadə edir.

Asfaltın temperaturunu 20 dərəcəyədək azaldırlar

Qətərdə yalnız havanı deyil, yolları da sərin saxlamağa çalışırlar. Ölkədə günəş işığını daha çox əks etdirən xüsusi asfalt örtükləri sınaqdan keçirilir.

Mavi piqmentli belə örtüklərin asfaltın səth temperaturunu 15-20 dərəcə aşağı sala bildiyi bildirilir.

Bunun səbəbi açıq və işığı əks etdirən səthlərin günəş radiasiyasını daha az udmasıdır. Nəticədə asfalt daha az qızır və ətraf mühitə də daha az istilik yayır.

Bu üsul xüsusilə sıx tikililərin olduğu şəhərlərdə əhəmiyyətlidir. Çünki həddindən artıq qızmış asfalt havanın temperaturunun daha da yüksəlməsinə səbəb ola bilər.

Dünyanın ən uzun açıq hava sərinləşdirilən qaçış yolu

Qətərin Umm Al Seneem parkında dünyanın ən uzun açıq hava sərinləşdirilən qaçış yolu yerləşir.

Uzunluğu 1,14 kilometr olan yol Ginnesin Rekordlar Kitabına da daxil edilib. Xüsusi soyutma sistemi idmançılara hətta səhraya xas yüksək temperatur şəraitində məşq etməyə imkan verir.

Soyutma qurğularında havanın güclü filtrasiyası sistemi də mövcuddur. Filtrlər toz, allergenlər və müxtəlif mikroorqanizmlərin qarşısını almağa kömək edir.

Sistemlərin işləməsi üçün tələb olunan enerjinin bir hissəsi günəş panellərindən əldə edilir. Bəzi hallarda günəş enerjisinin payının 60 faizdən çox olduğu bildirilir.

Qətərdə küçələrin soyudulması layihələrinə ümumilikdə nə qədər vəsait xərcləndiyi açıqlanmasa da, istifadə olunan texnologiyaların miqyası nəzərə alınaraq investisiyaların yüz milyonlarla dollara çata biləcəyi ehtimal olunur.

Günəş dünyadan xəbərlər kondisioner Qətər anomal istilər Dünya

Mənbə: lent.az

Xəbər lenti