Azərbaycan humanizm, qonşuluq prinsiplərinə daim əməl edir və bu məsələni vacib sayır. Humanitar böhranın baş verməsi səbəbindən asılı olmayaraq bu istiqamətdə daim yardım edilir.
Regionda yaranmış vəziyyətlə bağlı martın 18-də Azərbaycandan İrana ikinci humanitar yardım göndərilib.
Tehranın Bakıdakı səfiri Müctəba Dəmirçilu bu insani davranışa görə, Azərbaycan Prezidenti İlham Əliyevə, hökumətinə və xalqına minnətdarlığını bildirib və deyib ki, çətin günlərdə bir-birinə yardım etmək ortaq dəyərlərdən irəli gəlir: "Novruz bayramı ərəfəsində bu müsbət addım və xoş niyyət İran tərəfindən çox yüksək qiymətləndirilir".
Səfir vurğulayıb ki, son hadisələr zamanı İrana ilk humanitar yardımın Azərbaycandan göndərilməsi çox xoş haldır: "Hətta bəzi ölkələr Azərbaycan Respublikası ərazisindən istifadə edərək İrana humanitar yardım etmək üçün müraciət ediblər".
Yeri gəlmişkən, Rusiyanın Azərbaycan ərazisindən keçməklə İrana göndərdiyi humanitar yardımı daşıyan yük avtomobilləri "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən qonşu ölkəyə yola salınıb.
Bildirilib ki, humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin "İl-76" təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında yerə enib. On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarət olub.
Onu da qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Putin telefon danışığı zaman Rusiya vətəndaşlarının İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin İrana göndərdikləri humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Martın 18-də Azərbaycandan İrana yola salınan humanitar yardım "Astara" sərhəd buraxılış məntəqəsindən keçib.
Bu dəfə göndərilən humanitar yardımın ümumi həcmi 82 ton olub. Onun 76 tonu ərzaq və qida məhsulları, 4 tonu dərman vasitələri, 2 tonu isə tibbi ləvazimatlardır.
Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərildiyi nəzərə alınaraq yük avtomobillərinə uyğun Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.
Bundan əvvəlki ilk humanitar yardım martın 10-da yola salınıb. Orada 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar olub.
Bu yardımdan iki gün öncə Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian telefonla danışıb. Bu söhbət əsasında qonşu ölkənin əhalisinə humanitar yardım göndərilib.
Azərbaycan İrana indiki şəraitdə humanitar yardımın göndərilməsinin təşəbbüskarı da sayılır. Çünki rəsmi Bakının atdığı bu addımdan sonra başqa ölkələr də analoji addımlar atıb.
Martın 17-də Çin İran da daxil olmaqla Livan, İordaniya və İraqa humanitar yardım göndərdiyini elan edib. Bunu ölkə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Czyan bildirib.
Çin rəsmiləri yardımın davam etdiriləcəyini və regiondakı mülki şəxslərə dəstək göstərməyə hazır olduqlarını bəyan ediblər.
Özbəkistan da bir neçə yük maşını ilə İran xalqı üçün humanitar yardım çatdırıb. Yük özündə ərzaq məhsullarını - un, düyü, şəkər, makaron, günəbaxan yağı, konservləri, həmçinin dərman preparatları və tibbi ləvazimatları ehtiva edir. Bu gün Tacikistanda İrana ümumi həcmi 3610 ton olan humanitar yardım göndərib. Ora 45 ton dərman preparatları, gigiyena vasitələri, uşaq geyimləri, müxtəlif ərzaq məhsulları, ilk zərurət əşyaları, yataq dəstləri, çadırlar, tikinti materialları və digər mallar daxildir.
Azərbaycanın yardımı Yaxın Şərqdə baş verən silahlı qarşıdurmadan əziyyət çəkən İran əhalisinə köməklik göstərməklə bitmir. Rəsmi Bakı həm də müxtəlif ölkələrin vətəndaşlarının İslam Respublikasından təxliyə edilməsinə yardım edib. Məlumata görə, fevralın 28-dən martın 13-dək İrandan Azərbaycana ümumilikdə 2 309 nəfər təxliyə olunub. Onların arasında Çin, Rusiya, Tacikistan, Pakistan, İndoneziya, Oman, İtaliya, İspaniya, Yaponiya, Fransa, Almaniya və başqa ölkələrin vətəndaşları var.
Beynəlxalq təşkilatlar isə regionda humanitar ehtiyacların sürətlə artdığını, mövcud yardımların kifayət etmədiyini bildirib. Milyonlarla insanın qida, mənzil və tibbi xidmətlərə ehtiyacı var.
Rəsmi Bakı İranda baş vermiş təbii fəlakətlər zamanı da əhaliyə humanitar yardım edib.
Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsi də davamlıdır.
Rəsmi Bakı 2026-cı ilin yanvarında bu ölkəyə bir milyon dollarlıq humanitar yardım göndərib. Yardım Prezident İlham Əliyevin 2026-cı il yanvarın 16-da imzaladığı sərəncama əsasən həyata keçirilib. Humanitar yükə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator, həmçinin 27 min metr kabel və naqil daxildir.
Bu günədək Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların dəyəri 45 milyon dolları ötüb.
Əraziləri işğal altında olduğu zamanda, pandemiya dövründə də Azərbaycan Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.
Azərbaycanın təşəbbüsü həmin dövrdə Afrikanın humanitar fəlakətdən xilasında daha mühüm addım olub.
Bu hadisələrlə rəsmi Bakı humanitar yardımın əsas prinsiplərinə insanlıq, qərəzsizlik, neytrallıq və müstəqilliyə əməl edir.
Azərbaycan bu zaman ehtiyacı olanlara irqi, dini, siyasi və ya milli mənsubiyyətinə görə ayrı-seçkilik etmir. Dünyanın müxtəlif ölkələrində təbii fəlakətlərdən zərərçəkənlərə ehtiyacları əsasında mənəvi dəstək məqsədilə yardım çatdırılmasını təmin edir.
Azərbaycanın bu istiqamətdə atdığı müstəqil addım siyasi, iqtisadi, hərbi və ya digər məqsədlərə deyil, yalnız humanitar xarakter daşıyır.
Bütün bunlar isə respublikanın qanunvericiliyi və beynəlxalq humanitar hüquqla tənzimlənir.
Azərbaycan başqa məsələlərdə olduğu kimi humanitar yardım prinsiplərinin həyata keçirəndə müstəqilliyini qoruyur. Bir sıra hadisələrdə isə təşəbbüskarlıq göstərir. "Yaman günü ömrü az olur", yaxşılıq isə ömürlük qalır.











