Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Qırmızı Körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində keçirdiyi nəzarət tədbirləri zamanı 23,6 ton dondurulmuş hind quşu ətində uyğunsuzluqlar aşkarlanıb.
AQTA-dan Lent.az-a verilən məlumata görə, ABŞ-nin “LAMEX FOODS INC.” şirkətinin istehsalı olan və “Universal-SVS” MMC tərəfindən idxalı nəzərdə tutulan məhsulun daşınması zamanı temperatur rejiminin pozulduğu, korlanma əlamətlərinin olduğu, qan yığıntılarının və axıntılarının mövcudluğu, həmçinin orqanoleptik göstəricilərinin tələblərə uyğun olmadığı müəyyən edilib.
Aşkar edilmiş uyğunsuzluqlar nəzərə alınaraq məhsulun məhv edilməsi barədə qərar qəbul olunaraq, 23,6 ton hind quşu əti müvafiq qaydada məhv edilib.
Beləliklə, Azərbaycan–Gürcüstan dövlət sərhədində yerləşən “Qırmızı Körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulun ölkə ərazisinə idxalının qarşısı alınıb.
Hadisələr sosial xəbərlər quş əti video videolent AQTA




Mənbə: lent.az