Avropa diplomatiyasının rəhbəri Kaya Kallas gəmilərin Hörmüz boğazından sərbəst keçidinin təmin edilməsini son dərəcə vacib hesab edir.
"Report"un Avropa bürosunun məlumatına görə, Kallas bunu Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda Hörmüz boğazının açıq qalması bizim maraqlarımıza uyğundur və məhz buna görə də bu istiqamətdə nə edə biləcəyimizi müzakirə edirik" - diplomat qeyd edib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki ASPIDES missiyası faktiki olaraq Hörmüz boğazı ilə bağlı səylərə cəlb oluna bilər və onun mandatının dəyişdirilməsi üçün üzv ölkələrin razılığı lazımdır.
"Əgər biz bu regionda təhlükəsizliyi təmin etmək istəyiriksə, faktiki olaraq regionda mövcud olan əməliyyatdan istifadə etmək ən asan yoldur" - o vurğulayıb.
Ukraynadakı vəziyyətlə bağlı gələcək müzakirələrdən danışan Kallas Yaxın Şərqə olan diqqətin Ukraynadakı vəziyyətdən yayındırmamasının vacibliyini vurğulayıb.
"ABŞ-nin Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaların yumşaldılması arzuolunmaz presedent yarada bilər, çünki indiki vəziyyətdə Rusiyanın müharibəni davam etdirmək üçün maliyyə resurslarını məhdudlaşdırmaq vacibdir. Hörmüz boğazının bağlanması da Rusiyanın xeyrinə olmaqla ona bu müharibəni maliyyələşdirməyə imkan verir" - o bəyan edib.
Bu gün keçiriləcək iclasda Ukrayna və Yaxın Şərqdəki vəziyyətlə yanaşı, Avropanın Təhlükəsizlik Strategiyası da müzakirə olunacaq.