IMG-LOGO

Ratomir Deliç: "FIBA Çempionlar Kuboku təcrübəsi Azərbaycan millisini daha güclü edəcək"

16 Mar 2026 11:48 2 baxış
IMG

Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokundakı təcrübə Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisini qarşıdakı çətinliklər üçün daha güclü edəcək.

Bu barədə "Report"a komandanın baş məşqçisi Ratomir Deliç açıqlama verib.

Serbiyalı mütəxəssis sözügedən turnirdə gümüş medal qazanmaları ilə bağlı fikirlərini bölüşüb:

"İnanıram ki, bu təcrübə bizi qarşıdakı çətinliklər üçün daha güclü edəcək. Qızlarla fəxr edirəm. Onlarla işləmək həqiqətən xoşdur".

R.Deliç son bir ay ərzində zədə problemləri ilə üzləşdiklərini sözlərinə əlavə edib:

"Bütün bunları nəzərə alsaq, çox yaxşı nəticəyə nail olduğumuzu deyə bilərik. Bu turnirdə bir neçə böyük qalibiyyət əldə etdik".

Baş məşqçi finalda Niderland yığmasına uduzduqları qarşılaşmaya da toxunub:

"Finalda kifayət qədər müqavimət göstərmədiyimiz üçün hələ də müəyyən dərəcədə məyusuq. Amma bu, idmandır. Nəticə nə olur-olsun, yarışı qalib kimi başa vurmasanız, tam məmnun olmaq çətindir. Məğlubiyyətin dadı heç vaxt xoş olmur".

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunun finalında Niderlanda 12:21 hesabı ilə uduzub.

Xəbər lenti