İsveç və Norveç nüvə silahları məsələsi üzrə öz mövqelərinə yenidən baxmaq fikrində deyillər, lakin Avropa qitəsində nüvə çəkindirməsi sahəsində Fransa ilə qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildirirlər.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə iki ölkənin hökumət başçıları bazar günü Norveçin paytaxtı Osloda keçirilən birgə mətbuat konfransı zamanı bildiriblər.
"İsveçin siyasətinə uyğun şəkildə sülh dövründə onun ərazisində nüvə silahının yerləşdirilməsi istisna olunur. İsveç bu mövqeyə yenidən baxmaq niyyətində deyil, çünki ölkə Şimali Atlantika Alyansının birgə nüvə çəkindirməsi tərəfindən etibarlı şəkildə qorunur", - İsveçin Baş naziri Ulf Kristersson vurğulayıb.
Norveç hökumətinin başçısı Yonas Qar Störe isə, öz növbəsində, qeyd edib ki, Oslo da Fransa ilə mümkün strateji qarşılıqlı fəaliyyəti müzakirə etməyə açıqdır.
"Lakin Norveç nüvə sahəsində öz siyasətinə düzəliş etməyəcək: nüvə silahları Norveç ərazisində yerləşdirilməyəcək. NATO-nun kollektiv nüvə çəkindirməsinin zəifləməsinə yol verilməməsi əsas məsələ olaraq qalır", - Störe bildirib.