Kanada və Şimali Avropa ölkələri Arktikada Rusiya və ABŞ-yə qarşı müdafiə istehsalını artırmaq və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib.
"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, bu, bazar günü Osloda keçirilmiş görüşün yekunlarına dair birgə mətbuat konfransında ölkə liderlərinin bəyanatında öz əksini tapıb.
Kanadanın Baş naziri Mark Karninin sözlərinə görə, ABŞ-nin Qrenlandiyaya olan marağı ilə bağlı davam edən narahatlıqlar fonunda belə Rusiya regionda əsas təhlükə olaraq qalır.
O hesab edir ki, NATO-nun regiona diqqətinin artırılması, o cümlədən "Arctic Sentry" missiyasının işə salınması vaxtında atılmış və çoxdan yetişmiş addımdır: "Bu işi daha da inkişaf etdirmək lazımdır və biz bunu etməyə hazırıq".
Birgə bəyanatda tərəflər Arktika təhlükəsizliyi sahəsində daha sıx koordinasiya, o cümlədən müdafiə sənayesi potensialının artırılması və uyğunlaşan ikili təyinatlı texnologiyaların işlənib hazırlanması üzrə öhdəliklər götürüblər.
Karni qeyd edib ki, Kanada hərbi büdcəsinin 70 %-ni ABŞ-dən idxala xərcləyirdi ki, bu da yerli sənayenin inkişafını məhdudlaşdırırdı.
"Biz əvvəlki kimi Birləşmiş Ştatlardan əhəmiyyətli həcmdə satınalmalar həyata keçirəcəyik, biz tərəfdaşlıq çərçivəsində" və çox daha geniş ölkələr dairəsi ilə daha çox satınalmağa can atırıq", - deyə o vurğulayıb.
Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, bu birgə səylərin məqsədi yeni institutların yaradılması deyil, Karninin "dəyişkən həndəsə" adlandırdığı şeyin - Avstraliya, Yaponiya və Cənubi Koreya da daxil olmaqla, müxtəlif tərəfdaşlarla müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin həyata keçirilməsidir.
Şimali Avropa ölkələrinin liderləri bildiriblər ki, Avropa üçün nüvə çəkindirməsinin gücləndirilməsi sahəsində Fransa ilə əməkdaşlıq NATO-nun nüvə çətirinə əvəz kimi nəzərdən keçirilməməlidir.
Bu ölkələrin nümayəndələri Qrenlandiya və Danimarkanın suverenliyinə yenidən qətiyyətli dəstəklərini ifadə ediblər.