IMG-LOGO

ABŞ Hörmüz boğazından keçən gəmilərin mühafizəsində digər ölkələrin də iştirak etməsini istəyir

15 Mar 2026 19:41 3 baxış
IMG

Amerika administrasiyası təkid edir ki, digər ölkələr Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyinin təmin edilməsində iştirak etsinlər.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts CNN telekanalına müsahibəsində bildirib.

"Əgər [gəmilərin] müşayiət edilməsindən danışırıqsa, 1980-ci illərdə - İran qlobal enerji tədarükünə mane olmağa cəhd edərkən Fransa, Böyük Britaniya və hətta Sovet İttifaqının silahlı qüvvələri öz tankerlərinin eskortunu təmin edirdi. Hesab edirəm ki, prezident [ABŞ Donald] Tramp dünya ictimaiyyətini məhz buna çağırır", - Uolts bildirib.

Nümayəndə bu yanaşmanı onunla əsaslandırıb ki, Hörmüz körfəzində gəmiçiliyin bloklanmasının nəticələri bütün dünyaya təsir edir.

"Biz, təbii ki, öz iqtisadiyyatlarının qorunması naminə onların cəlb olunmasını alqışlayır, dəstəkləyir və hətta israrla tələb edirik. Bununla yanaşı, ABŞ Silahlı Qüvvələri İran ordusuna, onların raket katerlərinə və pilotsuz uçuş aparatlarından istifadə edən bölmələrinə zərbələr endirməyə davam edəcək ki, boğaz gəmiçilik üçün açıq qalsın", - amerikalı daimi nümayəndə əlavə edib.

Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti